Rusiya-Ukrayna müharibəsi: Kreml niyə mülki şəxsləri hədəf alır? - PLAN

Rusiya-Ukrayna müharibəsi: Kreml niyə mülki şəxsləri hədəf alır? - PLAN

“Rusiya şəhərlərinin vurulması hadisəsini doğru dəyərləndirmək lazımdır. Çünki 2023-cü ilin dekabr ayında intensiv olaraq Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, Xarkov və digər şəhərlər Rusiya tərəfindən raketlərlə vurulmağa başladı. Həmin raket zərbələrinin nəticəsi olaraq isə hər dəfə onlarla mülki şəxs qətlə yetirildi”.

AzerTaym.az bildirir ki,bu sözləri yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Müsahibimiz Ukraynanın Rusiyanın sərhədyanı şəhərlərini vurması faktına toxunub.

Xatırladaq ki, dekabr ayında Rusiyanın Kiyev, Xarkov, Dnepr və digər Ukrayna şəhərlərinə raket zərbələri endirməsindən sonra Ukrayna Silahlı Qüvvələri Belqorodu ağır raket atəşinə tutmuşdu. Ötən gün isə USQ Oryol şəhərinə PUA-larla hücumlar edib.

N. Mirinin fikrincə isə, raket zərbələrinin hədəflərinin hərbi-strateji obyektlər və infrastruktur olduğu bildirilsə də, faktlar onu göstərir ki, vurulan obyektlərin içərisinə mülki şəxslərin yaşadığı binalar da daxildir:

“Eyni zamanda bu infrastrukturların içərisində enerjini təchiz edən obyektlər əsas hədəflərdən birinə çevrilib ki, burada hədəflər yenə də mülki şəxslərdir. Çünki bu soyuqda bütün istilik sistemləri vurulursa, Ukraynada yaşayan insanlar işıqsız və qazsız qalmaq məcburiyyəti ilə üzləşirlər. Burada əsas hədəf isə ondan ibarətdir ki, soyuqda qalan əhali Ukraynanı tərk etmək məcburiyyətində qalsın. Yəni Rusiya təcili köçü təmin etməklə bir tərəfdə Ukraynanı boşaltmaq siyasəti aparırsa, digər tərəfdə də bu problemi Avropa dövlətlərinə daşıyır ki, bu da Avropanın ən ağrılı yeridir. Ona görə də Ukraynanın bu cür addımları Rusiyanın intensiv bombardmanlarına cavab olaraq görülür”.

Siyasi təhlilçinin qənaətinə görə, Kiyev mülki obyektlərin vurulmasının ağrısını Moksvaya yaşatmaq istəyir ki, ruslar bunu öz üzərində hiss etsin və anlasın ki, mülki obyektləri vurmağın məsuliyyəti nədir:

“Düşünürəm ki, Rusiya bu cür alçaqcasına hücumlarını davam etdirərkən, Ukrayna da yeni taktiki hücum əməliyyatlarına keçib ki, bu da sərhədyanı Rusiya şəhərlərinin vurulması ilə nəticələnir. Məncə, bu, davamlı olacaq.

O ki qaldı müharibənin taleyinə, bu tale ABŞ və Avropa Birliyinin bu il Ukraynaya edəcəyi maliyyə və hərbi yardımdan asılı olacaq. Yəni bu maliyyə yardımı bu il davam edərsə, eləcə də Ukraynaya F-16-lar və uzaqmənzilli raketlər verilərsə, bu, Kiyevin mövqelərini gücləndirəcək. Çünki arxa cəbhədə olan bütün hərbi təchizat anbarlarını vurmaq üçün Ukraynanın bu cür uzaaqmənzilli raketlərə ehtiyacı var ki, bu günə qədər həmin raketlər Qərb tərəfindən verilmirdi. Yəni Qərbin taleyi Qərbin davranışından asılı olacaq”.

Mütəxəssis hesab edir ki, Rusiyanın üstünlüyünə gəldikdə isə bu, qısamüddətli bir məsələdir:

“Əgər təchizat yerli-yerində olarsa və Rusiyanın Ukrayna səmasındakı dominantlığının qarşısı alınarsa, habelə Qərbdən mütəmadi silah təchizatları olduğu təqdirdə Ukrayna Rusiya hücumlarının qarşısını nəinki ala biləcək, hətta əks-hücuma keçərək itirdiyi mövqeləri, o cümlədən 2014-cü ildən işğalda olan Donbas ərazilərini işğaldan azad edə biləcək. Hər şey hərbi təchizatdan keçir. Çünki belə olduğu təqdirdə Ukrayna xalqında yeni ümidlər işaracaq və bu yeni bir səfərbərlik siyasətini stimullaşdıracaq. Əks-təqdirdə isə insanlar ya Ukraynanı tərk edirlər, ya da səfərbərlikdən qaçmaqla ordunun resurslarının təmin olunmasında problem yaradırlar”.

 






Fikirlər