Cavanşirin nəvəsi Qarabağdan film çəkib...

 

Cavanşirin nəvəsi Qarabağdan film çəkib

Qarabağı heç vaxt görməyən bir adamın Qarabağdan belə təsirli film çəkməsi inanılmazdır...

Söhbət “Bura mənim evimdir” filminin qəhrəmanı Ceyhun Qarabağlı barədədir. Ceyhun əslən Cəbrayıldan olan, 2-ci dünya müharibəsində iştirak etdikdən sonra Vətənə dönə bilməyərək qürbətdə yaşamağa məcbur qalmış Cavanşir Qarabağlının nəvəsidir. Ceyhunun Cəbrayıla səfər təəssüratlarından bəhs edən ekran işi 10-cu Beynəlxalq Ege Art qısa film festivalının qalibi olub.

Ceyhun deyir ki, Qarabağı babasının, atasının danışdıqları ilə sevib... Ona ilk sualımız da elə bu barədə oldu.

- Qarabağ sənin üçün nədir?

- Mənim soyadım da Qarabağla bağlıdır - Ceyhun Qarabağlı... Mən Qarabağı çox sevirəm və ora bağlıyam. Qarabağ Azərbaycandır!

Qeyd edək ki, Ceyhunun babası Cavanşir Qarabağlı 2-ci Dünya müharibəsində iştirak edib, sonra vətənə qayıda bilməyib. Amma doğma yurdu heç vaxt unutmayıb, Vətən sevgisini övladlarına, nəvələrinə ötürüb. Babasının uşaqlıq və gənclik illərini keçirdiyi Süleymanlı kəndini görmək Ceyhunun arzusu olub. Torpaqlarımızın işğaldan azad edilməsi ona bu arzunu gerçəkləşdirmək imkanı verib. Və, beləliklə də real həyat hekayəsi filmə çevrilib.






Fikirlər