Arxadan atılan daş bu dəfə heç topuğa da dəymədi... Və ya Eldar Quliyev haqqında üyüdülən yalanlara ötəri cavab

Belə bir məşhur ifadə var: “Pislər etdikləri pisliklərdən yorulmursa. Yaxşılar etdikləri yaxşılıqlardan niyə yorulmurlar”.

Bu ifadəni xatırlatmağımız təsadüfi deyil – son günlər Milli Məclisin deputatı Eldar Quliyev haqqında bəzi dairələrin sifarişi ilə bir sıra media orqanlarının qərəzli, həqiqətdən uzaq iddialarını oxuduqdan sonra ilk yada düşən məhz yuxarıdakı ibrətamiz sözlərdir.

Eldar müəllimin tərcümeyi-halı, keçdiyi həyat yolu və Azərbaycan dövlətçıliyi qarşısında xidmətləri geniş ictimaiyyətə yaxşı məlumdur. Onun bütün fəaliyyəti Azərbaycanın milli maraqlarının qorunmasına, gənc və müstəqil dövlətimizin möhkəmləndirilməsi istiqamətində yürüdülən uğurlu daxili və xarici siyasətin dəstəklənməsinə yönəldiyi halda kimlərsə “bulanıq suda balıq tutmaq” sevdasına düşübsə, əlbəttə, onların qara niyyətlərinin reallaşmasına inanmırıq. Belələri öz məkrli arzularını ən azı ona görə gerçəkləşdirə bilməyiblər və heç vaxt da gerçəkləşdirə bilməyəcəklər ki,yalan ayaq tutsa da, yerimir, heç bir böhtan və iftira həqiqəti pərdələmək gücündə deyil.

Bununla belə, ən azı vicdani borc hesab edirik ki, son günlərin aktual mövzusu – Nardaran olayları üzərindən Eldar Quliyevi qaralamağa çalışanlara layiqli cavab verək. Çünki bəziləri yalan qarşısında susduqda bunu “razılıq” əlaməti hesab edirlər, daha fikirləşmirlər ki, susmaq heç vaxt razılıq əlaməti deyil, bəzən iftira və böhtanların miqyası o həddə çatır ki, onlara tuş gələnlər həya nümayiş etdirib də susa bilərlər.

***

Nardaranda Azərbaycan dövlətçiliyinə, onun konstitusion əsaslarını, quruluşunu dəyişdirməyə hesablanmış proseslərin ilk günündən Eldar müəllim fəal dövlətçilik mövqeyi tutmuş, bu proseslərin mümkün olduğu qədər qansız-qadasız, qarşıdurmasız, qanunvericiliyin tələbləri və dövlət maraqları çərçivəsində həllinə çalışmışdır.

Nardaranı da əhatə edən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən millət vəkili seçilmiş Eldar Quliyev daim seçicilərinin arasındadır. O, hər bazar günü deputat ofisində seçiciləri ilə görüşür, onların problemlərini diqqətlə dinləyir, həmin problemlərin həlli istiqamətində əlindən gələni edir. Əgər belə olmasaydı, bu ilin noyabrın 1-də keçirilən növbəti parlament seçkisində sözügedən dairənin seçiciləri yenidən Eldar müəllimə etimad göstərməzdilər.

Üstəlik, bunu hamı bilir ki, Eldar müəllim seçildiyi dairəni əhatə edən hər bir ünvanda olduğu kimi, Nardaranda da sosial problemlərin həlli istiqamətində kifayət qədər fəallıq göstərmiş, enerji sərf etmişdir. Onun deputat ofisinin qapısı hər bir zaman bütün seçiciləri kimi, nardanlıların da üzünə açıq olmuşdur. Nardaranda transfarmatorların yenilənməsindən tutmuş müxtəlif sosial işaə obyektlərinin açılmasınadək bir çox tədbirlər məhz Eldar müəllimin millət vəkili kimi həssas fəaliyyətinin nəticəsidir.

Onun son parlament seçkiləri zamanı açıqlanan platformasında Nardaran sakinlərinin bir sıra problemlərinin həlli istiqamətində görməyi planlaşdırdığı işlər (məsələn, Nardaranda yerləşən mədəniyyət evinin təmiri və tarixi abidələrin bərpa olunması məsələsini Mədəniyyət və Turizm Nazirliyi qarşısında qaldırmaq, Nardaranda yerləşən təhsil müəssisələrində

mütəmadi olaraq əsaslı və cari təmir işləri aparılmasına nail olmaq və s.) onun bu qəsəbəyə qayğıkeş, diqqətli münasibətinin göstəricisidir.

Elə buna görədir ki, məlum hadisələrdən cəmi bir ay öncə Nardaranda seçicilərlə keçirdiyi görüşdə yerli sakinlər onun əvvəlki millət vəkilliyi dönəmində fəaliyyətindən razılıqlarını ifadə etmiş, 1 noyabr seçkisində yenə də Eldar müəllimə etimad göstərəcəklərini bildirmişdilər. Necə ki, seçki günü məhz belə də oldu.

Məlum hadisələr vaxtı Eldar müəllim öz nüfuzundan, təcrübəsindən yararlanaraq proseslərin qısa müddətdə müsbət istiqamətə yönəldilməsi üçün çalışmış, Azərbaycanın dövlətçilik maraqlarına sadiqliyini ortaya qoymuşdur. Əgər indi kimlərsə bu həqiqəti dəyişdirmək istəyirlərsə, bu onların cılız mahiyyətindən, şəxsi maraqlar çərçivəsindən kənara çıxa bilməmələrindən və ölkəmiz üçün həssas bir situasiyadan belə, öz mənafeləri naminə istifadə etməyə çalışmalarından xəbər verir.

***

Bəlkə kimlərsə bilmir, ya da bildikləri halda özlərini bilməməzliyə vururlar ki, Nardaranda baş verən hadisələrlə bağlı Eldar müəllim ölkə başçısına müraciət edib və bu hadisələrə son qoyulması barədə xahiş edib.Onun Nardaran olaylarına verdiyi aşağıdakı qiymət isə hörmətli millət vəkilinin Azərbaycanın gənc və müstəqil dövlətçiliyinə, ölkəmizin milli maraqlarına, dövlət rəhbərliyinə sədaqətinin, bağlılığının ən yaxşı və ən dəqiq ifadəsidir: “Azərbaycanın müsəqilliyini istəməyən qüvvələr var. Onlar xaricdən belə adamları idarə edirlər. Başqa bir məsləni də diqqətinizə çatdırmaq istəyirəm. Ətraf ölkələrə nəzər salsaq görərik ki, dünya üzrə müsəlman ölkələri içərisində ən stabil dövlət Azərbaycandır.

Dünyanın ayrı-ayrı ölkələrində islam dinini 50-100 yerə bölürlər. Bu təriqətlər biri-birinə qarşı əsl müharibə aparırlar və müsəlmlar arasında qanlar axıdılır. Azərbaycanda isə bunun əksinədir, dövlətimizdə sakitçilik, sabitlik, əmin-amanlıq hər zaman qorunub saxlanılır. Bunu gözü götürməyən qüvvələr dini pərdələr altında dövlətimizin müstəqilliyini təhdid edilrlər”.

Həm də Nardaranda baş verənlərə ən konkret qiymət hesab edə biləcəyimiz bu fikirlərin müəllifinə qarşı bəzi çevrələrin kirli mətbəxində “bişirilmiş”, hazırlanmış və müəyyən media orqanlarına servis edilmiş yalan və iftiralar qəbuledilməzdir.

Nardaran hadisələri zamanı kənddə olan, sakinlərlə görüşən, onları dinləyən və onlardan “İmam Hüseyn” adlanan meydanın boşaldılması razılığı alanlardan biri Eldar Quliyev olduğu halda, onun fəaliyyətinə qara yaxmağa çalışanlar unutmamlıdırlar ki, bununla millət vəkilinin xidmətlərini kiçiltmirlər, əksinə özlərini daha da cılızlaşdırırlar. Yenə bir ibrətamiz kəlamda deyildiyi kimi: “Yalan - mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır...”

***

Eldar müəllim haqqında son günlər səslənən əsassız fikirlərə, uydurmalara cavab olaraq xatırlatdığımız bir neçə faktın özü belə həmin yalanları və bu yalanları ortaya atanları ifşa etməyə kifayətdir. Sonda bunu da yazmağı vacib sayırıq: Eldar Quliyev öz fəaliyyətində Azərbaycan dövlətinə, dövlətçiliyinə və dövlət rəhbərliyinə, ölkəmizin milli maraqlarına bağlılığı, sədaqəti əsas tutaraq, başlıca qayə hesab edərək mətin addımlarla irəliləyir. Ona arxadan atılan daşlar isə heç topuğa dəymək iqtidarında da deyil.

Çünki istənilən “şişirdilmiş” yalan ən xırda həqiqətin qarşısında toz kimi cılızdır, acizdir.

Yüz dənə yalanın bir həqiqət qədər dəyəri yoxdur.

Və istənilən “şişirdilmiş” yalan çox keçmədən partlamağa məhkumdur – axı şarı da şişirtdikcə aqibəti başqa cür olmur!..

A.ABDUL.

 

 

 

 

 

 

 






Fikirlər