PUTİN Sarkisyanı rədd etdi: QARABAG müharibəsi yaxınlaşır?

Dünən Ermənistan Prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin qəbulunda oldu. Rəsmi məlumata görə, Sarkisyanın səfəri işgüzar idi. Lakin Putinin Sarkisyanı öz əyalət naibi kimi qəbul etməsi artıq adət halını alıb.

 Səfər öncəsi Publika.az-ın apardığı təhlildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki versiya irəli sürülmüşdü: ya sülh, ya da müharibə.


Putin-Sarkisyan görüşündən saatlar sonra cəbhə xəttində baş verənlər müharibə versiyasını doğrultdu. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir ki, cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb: “Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib”.



Ermənistan Müdafiə Nazirliyi bu faktı fərqli şəkildə dövriyyəyə buraxsa da, erməni mediası 15 hərbi qulluqçunun məhv edildiyini təsdiqləyib.


“R-18, R-19 radiolokasiya stansiyaları və dizel generatoru məhv edilib. İlkin məlumatlara görə, ən azı 15 hərbi qulluqçu həlak olub. Növbəti dəfə bu biabırçı fakt bizim Müdafiə Nazirliyimiz tərəfindən gizlədilir və bizdə hər şeyin yaxşı olduğu barədə yanlış fikir yaradılır. Amma həmin vaxtda bizim əsgərlərimiz məhv olurlar”, - düşmən ölkənin mediası belə yazır.

Göründüyü kimi, Kreml İrəvana cəbhə xəttində şiddəti artırmaq tapşırığı verib.
Ehtimal etmək olar ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya Kremlin müəyyən istəklərini gətirmişdi və hansısa məsələlərdə razılıq əldə olunmayıb. Sarkisyanı Moskvaya dəvət edən Kreml də Dağlıq Qarabağ üzərindən Azərbaycana təzyiq etmək niyyətindədir”, - təhlildə belə deyilirdi.  

Müharibə versiya özünü doğruldur və bundan sonra baş verəcəklər olduqca maraqlıdır.
Prezident İlham Əliyevin IV Qlobal Bakı Forumunda çıxışı zamanı BMT Təhlükəsizlik Şurasına Ermənistanı işğala son qoymağa məcbur etməsi ilə bağlı çağırış etməsi də Sarkisyan-Putin görüşü kontekstində diqqətdən yayınmadı.

Görünür, rəsmi Bakı Rusiyanın regiona dair planlarından xəbərdardır və buna görə də dünya birliyini Moskvadan ilhamlanaraq işğal siyasətini davam edən İrəvanı bu yoldan çəkindirməyə çağırır.

Rusiyalı politoloq Sergey Markedonov bildirib ki, Qafqazda Qərb-Rusiya mübarizəsi qızışır və hər bir tərəf Qarabağ münaqişəsindən yararlanmağa çalışır: “Sarkisyanın Moskvaya çağırılması yeni siyasi gedişləri hesablamaq məqsədi daşıyırdı. Kreml Bakıya doğru ehtiyatlı siyasət aparır. Çünki Azərbaycanın əleyhinə açıq şəkildə addımlar atmaq regionda Ankara-Bakı-Tiflis ittifaqını gücləndirəcək”.


Politoloq hesab edir ki, Qərb Rusiyanın Qafqazda hökmranlığını qəbul etmək niyyətində deyil: “Belə demək mümkünsə, 2008-ci il müharibəsi onlara dərs olub”. 
Ehtimal etmək olar ki, Sarkisyan-Putin görüşündən sonra cəbhədə gərginliyin artması ilə yanaşı, regionda Kreml-İrəvan ittifaqı da güclənəcək. Bu ittifaq mümkün Ankara-Bakı-Tiflis (son proseslərdən sonra bura Tehranı da əlavə etmək olar) ittifaqına qarşıdır.


Politoloq Aleksandr Markarov Sarkisyanın Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqda dedikləri fikirlərə diqqət çəkib.


Politoloq hesab edir ki, İrəvan Moskvanın Bakıya verdiyi dəyərdən narahatdır: “Moskva təkcə Ermənistanın strateji partnyoru deyil, həm də Azərbaycanla sıx əməkdaşlıq edir. Eyni zamanda, Minsk qrupunun aparıcı qüvvələrindəndir. Görünür, Ermənistan Kremlin Azərbaycanı yüksək qiymətləndirməsindən narahatdır”.


Qeyd edək ki, Kremlin rəsmi saytında yayılan məlumata görə, Serj Sarkisyan Vladimir Putinlə görüşündə KTMT sərhədləri ətrafında baş verən proseslərdən narahatlığını dilə gətirib və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəklədiklərini xüsusi vurğulayıb.

A. Markarova görə, Sarkisyan Putini Ermənistanın Azərbaycandan daha dəyərli olduğuna və Moskvanı tam olaraq dəstəklədiyinə inandırmağa çalışıb.

“Halbuki, Rusiya regionda Azərbaycanın əhəmiyyətini yaxşı anlayır və Bakıya doğru ehtiyatlı addımlar da bundan qaynaqlanır. Yəqin ki, Sarkisyan bunu bilməmiş deyil”, - deyə politoloq bildirib.

***
Sarkisyanın Putinlə görüşü haqda Ermənistanın “1in.am” saytının yazdıqları da diqqətdən qaçmır.


Sarkisyanın Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini ucuzlaşdırması ilə bağlı xahişi Putin tərəfindən qəbul edilməyib. Hökumətin 1000 kubmetr qazın 165 dollara alınması ilə bağlı qərarı da bunu sübut etdi”, - deyə sayt yazır.


Ermənistan mediası Putinin Sarkisyanın qazla bağlı xahişini qəbul etməməsini bir sıra məsələlərlə əlaqələndirib.

Rusiya Ermənistan ərazisindən Türkiyəyə qarşı istifadə etmək istəyir. Ehtimallara görə, İrəvan hökumətinin daxilində buna qarşı çıxanlar var. Hesab etmək olar ki, qaz məsələsində güzəştə gedilməməsinə səbəb də Rusiyanın bu istəyinə qarşı etiraz səslərinin çıxmasıdır”, - deyə versiyalardan birində qeyd olunur.


***
Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin iddiası da olduqca diqqət çəkəndir.
Nəşr yazır ki, Ermənistan Azərbaycanın Türkiyənin dəstəyi ilə Dağlıq Qarabağı və ətraf rayonları azad etmək üçün hücuma keçəcəyindən qorxur.


“Türkiyənin yüksək səviyyəli rəsmilərinin Qarabağla bağlı açıqlamaları da ciddi mesajdır. Buna görə də hazırda İrəvan üçün Moskvanın dəstəyinə böyük ehtiyac var. Güman ki, Sarkisyan Putinlə görüşdə bu təhlükələr haqda da danışıb”, - deyə nəşr vurğulayıb.

AzerTaym.az






Fikirlər