Ermənistan prezidenti Serj Sarkisyan bu gün İrəvanda elədiyi çıxışı ilə Azərbaycanordusunun cəbhə xətti boyunca geniş hücum etməsi üçün zəmin yaratdı. 

ANS PRESS-ə bu barədə hərbi ekspert Üzeyir Cəfərov Ermənistan prezidentinin bu günDağlıq Qarbağın Ermənistan ərazisi olması barədə dediklərini şərh edərkən bildirib. 


Üzeyir Cəfərov - hərbi ekspert

“Sarkisyan bununla ATƏT-in Minsk qrupunu da tarixə qovuşdurdu. Artıq Ermənistan prezidenti rəsmi səviyyədə Dağlıq Qarabağın ilhaq edildiyini bəyan etdi və sülh danışıqları üçün predmet qalmadı. Elə bu dəqiqələrdən başlayaraq, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən hesab soruşmalıdır”,- deyə Cəfərov vurğulayıb. 

Serj Sarkisyan Qarabağın Ermənistan ərazisi olması barədə bəyanatını isə sentyabrın 26-da İrəvanda uydurma soyqırımın 100 illiyinə həsr edilmiş tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının 6-cı iclasında çıxışı zamanı səsləndirib. “Ermənistan bu gün planetin ən hərbiləşmiş ərazilərindən biridir. Mən Ermənistan deyəndə, Dağlıq Qarabağı da onun ayrılmaz hissəsi sayıram”,- deyə Ermənistan prezidenti bildirib. 


Serj Sarkisyan İrəvanda çıxış edən zaman


Ermənistan prezidenti çıxışının sonrakı hissəsində daha da irəli gedib və Azərbaycana qarşı sərt cəza tədbirləri görəcəyini də iddia edib: “Bilirsiniz, hələ bizim atalarımız deyirdi ki, müharibə vaxtı plov paylamırlar. 20 illik məcburi atəşkəs dövrünü Bakı rəhbərliyinin inadı üzündən sülhə çevirmək mümkün olmadı. Biz toqquşmadan qaçmaq üçün hər şey elədik. İndi də hər şey edəcəyik, bura cəza əməliyyatları da daxildir”.

Üzeyir Cəfərov Ermənistan prezidentinin bu sözləri stress altında söylədiyini düşünür: “Görünür, Moskva ona verdiyi sözü tutmayıb. Yəni 200 milyon dollarlıq hərbi yardımı verməyib. Yaxud üzərinə yeni tələblər qoyub. Bu da buna görə hər şeyi məhv etmək istəyir. Bəlkə də, döyüşə biləcəklərini düşünür. Hər halda, Ermənistan ərazisinin müdafiəsini 102-ci Rusiya hərbi bazasına həvalə ediblər”. 


Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonları 

Amma Serj Sarkisyanın Moskva səfərindən sonra stressinin fərqli səbəbi də ola bilər. Bəlkə də, Vladimir Putin “DW”nin yazdığı kimi Azərbaycandan müəyyən güzəştlər əldə etmək üçün Ermənistanı 5 rayonu təhvil verməyə məcbur edir. Serj Sarkisyanın isə öz moskvalı ağasına qulaq asmaqdan başqa yolu qalmır. Sadəcə, öz “patriot” imicini qorumaq, gələcəkdə verəcəyi müsahiəbələrində son imkana qədər mübarizə aparadığını iddia etmək üçün sifarişi müharibə yolu ilə yerinə yetirmək yolunu tutur. Çünki Ermənistan ordusunun həddindən zəif olduğunu və Azərbaycan ordusu ilə döyüşə bilməyəcəyini bilir.