05.03.2014. - P. Həşimli: “Məni Cavid Qurbanovun üzünə qoymaq istəyirlər”

05.03.2014. -  P. Həşimli: “Məni Cavid Qurbanovun üzünə qoymaq istəyirlər”
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirildi.

Hakim Novruz Kərimovun sədrlik etdiyi proses ötən dəfə T.Qurbanovun müdafiəçisi olmadığı və P.Həşimlinin öz vəkilləri ilə görüşüb məsləhətləşə bilmədiyi üçün təxirə salınmışdı.

Martın 4-də keçirilən prosesdə P.Həşimlinin hüquqlarını vəkilləri Bəhruz Bayramov və Elçin Sadıqov müdafiə edirdi. T.Qurbanova da dövlət tərəfindən vəkil təyin edilmişdi. Proses zamanı T.Qurbanovun vəkili Anar Rüstəmov çıxış edərək bildirdi ki, cinayət işinin materialları ilə tanış deyil. O, hakimdən xahiş etdi ki, T. Qurbanovla məsləhətləşmək üçün şərait yaradılsın. Onun sözlərinə görə, əgər müdafiə etdiyi şəxs onun işlə tanış olmadan prosesin davam etdirilməsinə etiraz etməsə, proses davam edə bilər. Hakimlər onun xahişini nəzərə alaraq prosesdə fasilə elan etdilər. Fasilədən sonra vəkil A. Rüstəmov bildirdi ki, T. Qurbanovla məsləhətləşib və iclas davam edə bilər.
Proses başlayan kimi P.Həşimlinin vəkilləri vəsatətlərlə çıxış etdilər. E.Sadıqov bildirdi ki, onlar ilk növbədə jurnalist barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsini tələb edirlər. Bundan başqa, jurnalistin hazırda saxlandığı MTN təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi, habelə müdafiə hüququnun təmin olunması üçün vəkilləri ilə görüşməsi, məhkəmə tərkibinin dəyişdirilməsi, prosesdə jurnalistlərin çəkiliş aparması ilə bağlı vəsatətlər də səsləndirildi.
P.Həşimli isə öz növbəsində bildirdi ki, məhkəmə heyəti mütləq qaydada dəyişdirilməlidir. O, üzünü hakimə tutaraq “siyasi məsələlərlə bağlı bütün hökmlər sizin tərəfinizdən çıxarılır. Ona görə də bu işə siz baxa bilməzsiniz” dedi. Hakim isə P.Həşimlinin vəkilləri tərəfindən səsləndirilən bütün vəsatətləri rədd etdi.
Jurnalist ona qarşı işgəncələr barədə danışdı. O, dözülməz şəraitdə yaşadığını və həyatına qəsd edildiyini dedi: “Bu 6 ayda 6 dəfə huşumu itirmişəm, həkim müdaxiləsindən sonra özümə gəlmişəm. Mən Bakı İstintaq Təcridxanasına köçürülməliyəm. MTN-in təcridxanasında məni istintaq otağına aparanda başıma torba keçirirdilər. Başıma o qədər torba keçirmişdilər ki, artıq öyrəşmişdim. Başımda torba ola-ola, o qədər gedib gəlmişdim ki, nəzarətçilərə ”qolumdan tutmayın, yolu tanıyıram” deyirdim”.

P.Həşimli bir daha hakim Novruz Kərimovun sədrliyi məsələsinə toxundu. Onun bildirdiyinə görə, prosesə N.Kərimovun sədrlik edəcəyi barədə 3 ay əvvəl ona MTN-in təcridxanasında bildirmişdilər: “Mənə orda dedilər ki, narahat olma, məhkəməni də özümüz təşkil edəcəyik”.

Jurnalist həmçinin ona qarşı mənəvi təzyiqlərdən də danışdı. P.Həşimlinin sözlərinə görə, istintaqçılar israrla ondan Əli Nağıyev və Cavid Qurbanovun əleyhinə ifadə almağa çalışıblar: “Mənə deyirdilər ki, bu adamların müxalifətə çatdırmağın üçün sənə pul verdiklərini deməlisən. Mən isə bildirirdim ki, belə bir şey olmayıb və mən bunu deməyəcəm”.
Hakim hazırlıq iclasını yarımçıq dayandırdı və vəkillərinin P.Həşimli ilə görüşüb istintaq materiallarını tədqiq etməsi üçün vaxt verdi. Proses martın 7-də 15.30-da davam etdiriləcək.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Onun barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.






Fikirlər