"EL BİLİR Kİ, SƏN MƏNİMSƏN, Alış-Veriş MƏRKƏZİMSƏN" Reklamı Aranı Qatdı:"ÇOX UĞURSUZDUR"

 

Qulu Məhərrəmli: "Şeiri belə dəyişmək həmin misraları gözdən salır"

 

"Azərbaycanda bazar münasibətləri və müəllif hüquqları ilə bağlı ciddi problemlər var”.
Bunu "Sherg.az”a xalq şairi Səməd Vurğunun "Azərbaycan” şeirinin misralarının dəyişdirilərək market reklamında istifadə edilməsinə münasibət bildirərkən tanınmış jurnalist Qulu Məhərrəmli deyib. 
O xatırladıb ki, xarici ölkələrdə müəllifin sözlərini istifadə etdikdə ona təzminat ödənilir:
"Sözügedən reklamda mahiyyət ondan ibarətdir ki, şeir təhrif edilib. Burada böyük qanun pozuntusu olmasa da ciddi şəkildə etik qaydalar pozulub. Ona görə, şairin yaxınları məhkəməyə müraciət edib, müəllif hüquqlarının qorunmasına çalışa bilərlər.
Səməd Vurğunun "El bilir ki, sən mənimsən, Yurdum, yuvam məskənimsən” misraları müəllifin şeiri olmaqdan çıxıb. Bu, bütün "Azərbaycan"ın ən populyar misralarıdır. Bu insidentin özü göstərir ki, sahibkarlar piar işlərini apardıqda müəllif hüquqlarına diqqətlə yanaşmalıdır.
Şeiri belə dəyişmək həmin misraları gözdən salır. Müxtəlif müəssisələrin şeirlə ifadə olunan uğurlu reklam nümunələri var. Məsələn, "Azpetrol, yaxşı yol” şəklində olan reklamlar dillər əzbəridir. Lakin marketin qurduğu piar özü də çox uğursuzdur”.
Qeyd edək ki, Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilova sözügedən reklamı çəkən "Oba” marketlər şəbəkəsini məhkəməyə verməyi düşündüyünü bildirib.
Xatırladaq ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır.






Fikirlər