700 bal toplayanlardan kimlər əlaçı ola bilmədi?

700 bal toplayanlardan kimlər əlaçı ola bilmədi?Ali təhsil müəssisələrində qış imtahan sessiyası başa çatmaq üzrədir.

Geridə qalan qəbul imtahanlarında ən yüksək nəticə göstərib, 700 bal toplayan tələbələr bu il ilk qış semestr imtahanlarını veriblər.
Onlar imtahan nəticələri barədə Modern. az saytına danışdılar.


ADA Universitetinin tələbəsi Könül Qurbanlı deyib ki, burada imtahan fərqli sistemlə keçirilir: “Dərslər bir az çətin olurdu. Mən əlaçı ola bilmədim. 3.1 bal topladım. Bu, orta nəticə deməkdir”.

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin tələbəsi Eltun İbrahimov 2 imtahan verib və nəticələrinin yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, ümumi bal açıqlanmasa da, əlaçı olacağına əmindir.

Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakültəsinin tələbəsi Fatimeyizəhra Nəbizadə 5 imtahan verib. O da əlaçı olacağına əmindir.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi İlkin Məmmədzadə 5 imtahan verib və hamısından yüksək bal toplayıb:
“Sonuncu imtahanım bu gündür. İngilis dili fənnindən imtahan verəcəyəm. Semestr ərzində bu fəndən 47 bal toplamışam. Əlaçı olacağıma ümid edirəm”.

Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi Məmməd Hacılı deyir ki, onun imtahanları bu gün bitir. İndiyə qədər 6 imtahan verib və bütün imtahanlardan 100 bal toplayıb.






Fikirlər