Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR…

Türkiyə Silahlı Qüvvələri artıq bir həftədir ki, Suriyada, Fərat çayının şərqində “Sülh çeşməsi” (“Barış pınarı”) adlı antiterror əməliyyatları aparır. Türkiyənin sərhədlərini mühafizə etmək məqsədilə həyata keçirilən əməliyyatlarda terror təşkilatı PKK/PYD-YPG-nin 600-dən çox üzvü zərəsizləşdirilib.

Türkiyənin bu böyükmiqyaslı hərbi əməliyyatı torpaqları uzun illərdir işğalda olan Azərbaycan xalqında da ruh yüksəkliyi yaradıb. Sosial şəbəkələrdə, cəmiyyətdə səsləndirilən fikirlərdən aydın olur ki, xalq qardaş ölkəni nümunə götürərək, Azərbaycan hərbçilərinin də Qarabağda belə bir əməliyyat keçirməsini, torpaqlarımızı erməni işğalçılarından azad etməsini arzulayır.

Ancaq təbii ki, bu istəyin bir də siyasi tərəfi, diplomatik münasibətlər və geosiyasi maraqlar məsələsi də var.

Bu konteksdən yanaşdıqda belə bir sual ortaya çıxır: “Sülh çeşməsi” kimi böyük bir hərbi əməliyyatı Qarabağda – işğal altında olan öz topaqlarında keçirməyə Azərbaycana nə mane olur?

"AzerTaym.az" bildirir ki,modern.az-a bu barədə danışan politoloq İlqar Vəlizadə Türkiyənin “Sülh çeşməsi”nə başlayarkən Amerika və Rusiyanın razılığını aldığını xatırladıb. O qeyd edib ki, razılıqla bağlı dolayı və birbaşa sübutlar da mediada səsləndirilib:

Azərbaycanın bu cür əməliyyatı həyata keçirmək üçün hər hansı dövlətdən razılıq almasına ehtiyac yoxdur. Çünki biz öz ərazilərimizdə bunu həyata keçirəcəyik. İstənilən halda ən azı Türkiyə kimi sığortalanmalıyıq. Bizə hər kəs açıq deyir ki, regionda hərbi əməliyyatları dəstəkləmirik. Bu o deməkdir ki, Qarabağda hər hansı əməliyyat başlasa, təzyiqlərlə üzləşə bilərik.

Qarşı tərəf çox həyasız, norma və qaydaları gözləməyən, siyasətini təxribatlar əsasında quran və yalançı lobbiyə sahib dövlətdir. Belə bir düşmənə qarşı əməliyyat keçirsək, Ermənistan üçüncü tərəfi məsələyə cəlb edərək, kiminsə arxasında gizlənməyə çalışacaq. Bu mənada bizim risklərimiz müqayisə olunmazdır”.

İ. Vəlizadə hesab edir ki, indiki vəziyyətdə razılaşdırılmamış əməliyyat keçirsək, bu, Rusiyanın birbaşa maraqlarına toxunacaq:

Belə bir əməliyyatı həyata keçirmək üçün ciddi danışıqlar aparmağa ehtiyac var. Türkiyənin özü də uzun müddətdir, sərhədlərini terrorçulardan təmizləmək istəyini qətiyyətlə bəyan edir, dünya ictimaiyyətini buna hazırlayırdı. Biz də dünyanı hazırlamadan, birdən-birə hərbi əməliyyat aparsaq, sonu istədiyimiz kimi olmaz. Ona görə, tək hərbi müstəvidə deyil, demokratik müstəvidə də danışıqlar aparılmalı, ondan sonra addım atılmalıdır”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovun fikrincə isə bu gün kim qərar qəbul edib, düşünülmüş addım atırsa, o da qazanır:

Müharibə siyasətdə qoyulan məqsədlərin hərb yolu ilə həyata keçirilməsidir. Bu gün Türkiyə öz təhlükəsizliyini təmin edir və vəziyyətdən asılı olaraq, lazımı addım atır. Qardaş ölkə hazırkı durumda dünyadan göstəriləcək təzyiqləri nəzərə alıb və riskləri hesablayıb.

Azərbaycan isə öz torpaqlarını azad etməli, antiterror əməliyyatlarını məhz öz torpaqlarında həyata keçirməlidir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. İndiki geosiyasi durum, düşmən ölkədə hökm sürən hərc-mərclik, Azərbaycan liderinin güclü siyasətçi kimi özünü təsdiqləməsi, ordumuzun ən güclü 50 ordu sırasında qərarlaşması antiterror əməliyyatları həyata keçirərək, torpaqlarımızı azad etməyimizə imkan verir. Bu sahədə də Türkiyəni nümunə götürərək, məqsədlərimizi həyata keçirə bilərik”.

Polkovnik əlavə edib ki, hazırda beynəxalq qurumların ancaq gücü qəbul etdiyi aydın görünür:

Türkiyə 5-6 gündə 100 kilometrdən çox irəliləyib. Dağlıq Qarabağın ən uzaq nöqtəsi, ərazi bütövlüyümüzü təmin etmək üçün bizə lazım olan ərazi isə 100 kilometrdən çox deyil. Ona görə, qısa zaman kifayət edər ki, torpaqlarımızı işğaldan azad edək. Bununla bağlı planların olmadığını düşünmürəm. Yəqin ki, ölkə rəhbərliyi götür-qoy edir. Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi gün uzaqda deyil”.






Fikirlər