Heydər Əsədov ət kəsimi yerlərinə baxış keçirdi



Sentyabrın 23-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “AzProtein FOODS GROUP” müəssisəsində heyvan kəsim məntəqəsinin açılışı olub. 

Açılışda kənd təsərrüfatı naziri Heydər Əsədov iştirak edib. Nazir heyvanların, kəsilmiş ət məhsullarının soyuducu kamerada saxlanma şəraitinə, üzvi gübrə istehsalı müəssisəsinə baxıb, kolbasa məhsullarının istehsalı, baytarlıq sahəsində göstərilən xidmətlərlə tanış olub. 

Nazir jurnalistlərə müsahibəsində deyib: “Ölkədə yeni tələblərə cavab verən ət kəsim məntəqələrinin açılması qarşımızda duran vəzifələrdən biridir. Artıq bu istiqamətdə tədbirlər görülür. “Aqrolizinq” ASC tərəfindən bu müəssisənin tikintisi üçün 5,2 milyon manat vəsait ayrılıb. Bu gün biz müasir standartlara cavab verən, lazımi sertifikatları almış kəsim məntəqəsinin açılışında iştirak edirik”.

Heydər Əsədov qeyd edib ki, kəsim məntəqələrinin sayı bundan sonra da artırılacaq: “Qaradağ rayonunda sahibkarlar tərəfindən sifarişlər verilib. Burada böyük bir heyvan kəsim məntəqəsinin inşasına başlanılıb. İstəyirik ki, bir neçə il ərzində küçələrdə, natəmiz yerlərdə kəsim prosesini minimuma endirək və yaxın gələcəkdə bunun tamamilə ləğv edilməsi üçün tədbirlər görək”.

 Müəssisədə 60 işçi çalışır. Müəssisəyə ətlik istiqamətli heyvanlar əsasən Almaniyadan, Macarıstandan və Niderlanddan gətirilir.

Həmin gün nazir Heydər Əsədov “Meyvəli” Meyvə-Tərəvəz Logistik Mərkəzi və “Aqrovest” meyvə-tərəvəz məhsullarının topdan və pərakəndə mərkəzinin birgə layihəsi olan kənd təsərrüfatı məhsullarının qablaşdırılması istehsalı yerində aparılan işlərlə tanış olub.

“Meyvəli” Meyvə-Tərəvəz Logistik Mərkəzi tərəvəzlərin topdan və pərakəndə satış bazası Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu  57 ünvanda  yerləşir. Dövlət lahiyə smeta sənədləri əsasında beynəlxalq standartlara uyğun inşa olunub, 2009-cu ildə istifadəyə verilib. Ümumi ərazisi 54 ha olan “Meyvəli” Meyvə-Tərəvəz Logistik Mərkəzi - meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulub.

Nazir, həmçinin “AQROVEST” meyvə-tərəvəz topdan və pərakəndə satış mərkəzində nazirliyin təşəbbüsü ilə yaradılan qurbanlıq heyvanların satış yerinə baxış keçirib.

Modern.az 

 






Fikirlər