Məlahət Abbasova: “Evlilik təklifini tez qəbul etdim, çünki vizamın müddəti bitirdi" - MÜSAHİBƏ

Heç zaman rejissorlarla pul haqda danışmıram”


"Azdrama"da tamaşa qoymaq istəyirəm"


Teleqraf.com Türkiyədə fəaliyyət göstərən tanınmış aktrisa Məlahət Abbasovanın müsahibəsini təqdim edir.   


- Məlahət xanım, Azərbaycanda “BratLi” filinə çəkilmısınız, bildiyimiz qədər... 
- Dostumun filminə çəkildim və ona dəstək üçün bu təklifi qəbul etdim. Filmdə ana obrazını canlandırmışam. Qızımı isə Oksana Rəsulova  oynayır. Maraqlı komediya filmidir. Düzü,  aktyor heyətinin çoxunu tanımıram. Onlardan yalnız Oksananı, bir də Sabir Məmmədovu tanıyıram. Digər üzvlərlə çəkiliş zamanı tanış olduq.


- Türkiyədə rollarına görə yüksək qonorar alan aktrisanı bu filmdən aldığı məvacıb qane etdimi? 
- Bəli, qane etdi. Təbii ki, burada aldığım qonarar Türkiyədəki  qədər deyil. Mən orada seriallarda və filmlərdə oynayıram. Amma əsas məsələ ərsəyə gətirdiyimiz işin keyfiyyətli olmasıdır, qonararın yüksək, ya az olması önəmli deyil. Həm də bayaq qeyd etdiyim kimi,  yaxın  dostumun xahişindən sonra verəcəyi məbləğin yüksək və ya aşağı olması fərq etmir. Vacib olan dostumun işinin uğurlu alınmasıdır. 


- Türkiyədəki fəaliyyətinizlə bağlı nə yeniliklər var? Film və seriallardan yeni təkliflər almısızmı?
- TRT-nin çəkdiyi  seriala dəvət almışam. Bu filmdə qızım da oynayacaq. Layihə haqqında ətraflı danışa bilmirəm. Işə bir aydan sonra başlayacağıq.  Eyni zamanda “Kanal D”-də yeni serail haqda danışıqlarımız olub. Bu filmin çəkilişləri TRT-dəki filmin çəkilişlərindən əvvəl olmalı idi. Amma nədənsə “Kanal D” sonradan serialın çəkilişlərindən imtina etdi. Türkiyədə belə bir qanun var ki, aktyor bir serialda oynaya bilər. Yəni TRT ilə müqavilə bağladıqdan sonra başqa serialda oynaya bilmərəm. 
Amma teatrda fəaliyyətim davam edəcək. Bu il Türkiyədə Elçin Əfəndiyevin “Şekspir” əsəri 10 mükafata layiq görüldü. Bu tamaşaya görə "ilin ən yaxşı rejissoru" seçildim. Bu il inşaallah Elçin müəllimin "Teleskop" əsərini səhnələşdirəcəyik.

Ən böyük arzularımdan biri odur ki, gələcəkdə Azərbaycan və türk aktyorlarının birgə oynayacağı bir əsəri səhnələşdirim. Fəaliyyət göstərdiyim İstanbul Bələdiyyə Şəhər Teatrı Türkiyənin ən böyük teatrıdır. Belə bir teatrda Azərbaycan əsərlərini səhnələşdirmək mənim üçün qürurvericidir.


- Bir çox seriallarda oynamısız. Təklif alarkən nəyə daha çox fikir verirsiniz? 
- Təbii ki, ilk əvvəl canlandırdığım obraza- cünki bu, çox önəmlidir. Məlum, böyük bir teatrda işləyirəm, orada həm aktyor, həm də rejissor kimi güc sahibiyəm. Xidmətlərimə görə mükafatlar almışam. Ona görə mənim üçün əsas yaradacağım obrazdır. Maddi tərəfini danışmaq isə menecerimin işidir. Mən heç  zaman rejissorlarla pul haqda danışmıram. Təklif gələrkən əvvəl menecerim baxır, ssenarini oxuyur. Onu qane edirsə, təklifi qəbul edirik. Çünki o mənim tələblərimi bilir. Birinci növbədə obrazın yaxşı və ya pis olmasına fikir verirəm.  Rolun böyüklüyü və kiçikliyi önəmli  deyil. Mühüm olan onun yadda qalmasıdır.


- Fəaliyyətinizə Bakıda“Azdrama”da başlamısız. Türkiyə ilə Azərbaycan teatrlarının fərqi nədir? Aktrisa kimi fəaliyyət göstərmək, sizcə, harada daha çətindir? 
- Uğurlarıma Türkiyədə təkbaşıma nail oldum. Əlbəttə ki, mən Türkiyəyə gedəndə Azərbaycanda Məlahət Abbasova kimi tanınırdım. "Azdama" da işə düzəlmişdim. Amma Türkiyəyə getdikdən sonra bunları bir kənara qoydum. Qarşımda uzun bir yol vardı və səbrlə bu yolu yavaş-yavaş keçdim. Türkiyədə "bu onun qohumudur", "kiminsə tanışıdır" məsələləri keçərli deyil. "Azərbaycandan gəlib, orada məşhur idi" fikri əhəmiyyət kəsb eləmir. Türkiyədə istedadın varsa irəli gedə bilərsən. Mənim yanımda Allahdan başqa heç kim olmadı. Azərbaycanda bir gecədə məşhur olmuşdum, amma Türkiyədə tanınmağıma uzun vaxt sərv etdim. Çox böyük çətinliklərdən və əzablı yollardan keçdim. Türk dilində danışa bilmirdim, diksiyam çox pis idi. Türkiyədə yaşadıqdan iki ay sonra teatrda işə düzəldim. Sonra əziyyətlərim başladı. Amma şükürlər olsun ki, əziyyətimlə layiq olduğum  yerə gəldim. 
 

- Deyirlər, Türkiyədə başqa ölkələrdən gələn sənət adamlarını qəbul etmirlər. Bu doğrudurmu, əgər belədirsə siz o mərhələləri necə keçdiniz?
- Türkiyəyə ilk gedişimdə mənə də dedilər ki, burda başqa ölkədən gələnləri qəbul etmirlər. Amma bu ölkədə  24 il yaşayan aktrisa kimi deyirəm ki, elə bir şey yoxdur. Düzdür, çətinliklər olur, amma bunu azərbaycanlı olduğum üçün yaşamadım. Orada qanunlar başqadır. Yalnız istedadın varsa inkişaf edə bilərsən. Mən yoldaşımın sayəsində teatra düzəldim.  Amma teatra işə düzələndə türk dilini bilmirdim. Teatr dili sənət dilidir və eyni zamanda gözəl danışmaq sənətidir. Məndə isə bu yox idi. O vaxtlar ürəyim qırılırdı ki, niyə mənə belə baxırlar, irad bildirirlər. Aktyorlar deyirdilərki, səni bu diksiya ilə  teatra necə götürüblər? Onlar üçün mənim haradan gəlməyimin fərqi yox idi. Diksiyam zəif olduğu üçün mənə yaxşı rollar vermirdilər. Həmişə tamaşalarda balaca rollar oynayırdım. Mənə deyirdilər ki, sənin bu teatrda nə işin var? Çünki Türkiyənin yaxşı aktyorları var ki, bu teatra işə düzələ bilmirdilər. Türklərin başqa ölkədən gələn sənət adamlarını qəbul etməməsi bizim sənətçilərin uydurduğu sözdür. Onlar "Türkiyəyə gedib yaradıcllığımı davam etdirəcəm" deyirlər, amma çətinlikləri dəf edə bilmədikləri üçün bunu bəhanə eləyirlər. İstedadlısansa heç bir maneə olmadan irəli gedə bilirsən. Türkiyədə bizim uğurlu rəssamlarımız, müəllimlərimiz var. 


- Bizim sənətçilərdən Aygün Kazımova, Röya Ayxan da Türkiyədə fəaliyyət göstərib.  Sizcə, onlar ı Türkiyədə tanıyırlarmı?
- Doğrusu, Azərbaycanda tanındıqları qədər tanınmırlar. Röya Ayxan, Aygün Kazımova ora gəlir, amma baxır kim tərəfindən dəvət edilirlər? Onları Türkiyəyə azərbaycanlılar dəvət edir. Çox istərdim ki, onlar Türkiyədə tanınsınlar və gözəl layihələri ilə hamını təəccübləndirsinlər.
İradə İbrahimova yeni disk çıxardı, klipləri tədim olundu. İnanıram ki, o, öz yerini tutacaq. Çünki Türkiyədə azərbaycanlılara böyük sevgi var. Teatrda da  mənə deyirlər ki, Azərbaycanın musiqi, teatr məktəbi çox güclüdür. Bizim müğənnilərin Türkiyədə tanınması üçün menecerləri olmalıdır. Çünki Türkiyədə menecer sistemi var və o həmin sənəti bu sahədə bazara çıxarır. Azərbaycanda belə bir menecer sistemi yoxdur, varsa da çox zəifdir. 
Sənət adamını dünyaya çıxarmaq və xarici ölkələrdə tanıtmaqla menecerlər məşğul olur. Məsələn, Tarkan öz-özünə məşhur olmadı. Onun Əhməd San adlı meneceri var və o Tarkanı dünyaya tanıtdırdı. 


- Azəri qızı Günel, İradə İbrahimova Türkiyədə yaşayırlar. Onlarla münasibətiniz necədir, əlaqələriniz varmı? 
- Münasibətlərimiz çox yaxşıdır, Güneli və İradəni çox sevirəm. İradə ana oldu. Hər ikisinin çox yaxşı ailəsi var. İradənin ailəsini “Aşqın pusulası” verilişinə çəkmişdim. Çox səmimi, mehriban ailəsi var. İnşallah, sənət baxımından da istədikləri yerə gələcəklər. Güneli Türkiyədə hamı tanıyır. Amma İradənin də yeni işləri var, inşallah onun da yolu açıq olacaq. Biz orada bir-birimizi çox dəstəkləyirik.  Bütün bayramlarda görüşürük.


- Məlahət xanım, teatra həyat yoldaşınızın sayəsində işə düzəldiyinizi dediniz. Həyat yoldaşınızın incəsənətlə əlaqəsi varmı? 
- Yoldaşım inşaat sektorunda çalışır, teatrla heç bir əlaqəsi olmasa da bu sənəti sevən insandır. Gözəl tənqidçidir. Mənim səhnələşdirdiyim, yaxud oynadığım tamaşaları həmişə izləyir. Ondan çox məsləhət alıram. Çox kitab oxuyur, fəlsəfə ilə maraqlanır. Öz yaradıcılığımda hər zaman onun biliyindən istifadə edirəm. Bir sözlə, bizim sahədən deyil. Düşünürəm ki, yaxşı ki, bizim sahədən deyil, yoxsa münaqişələrimiz olardı (gülür).


- Sudə və Uğur adlı iki övladınız var. Sudəni Türkiyədə bir çox seriallarda görürük. Gələcəkdə  aktrisa kimi fəaliyyətini davam etdirəcəkmi?
- Sudə seriallara məndən çox təkliflər alır. Şirkətlərdən zəng gələndə elə bilirəm ki, mənim üçün zəng ediblər. Danışırıq, hal-əhval tuturuq sonra deyirlər ki, Məlahət xanım, bağışlayın, qızınız üçün zəng etmişik. Sudə hazırda məktəbə getdiyinə görə seriallara çəkilməyinin tərəfdarı deyiləm. Yayda TRT kanalının çəkdiyi “Çanakkale”serialında oynadı. Amma dərslər başlayan kimi işlərinə ara veririk. Çünki əsas onun dərsləridir. Şərtlərimizə uyğun olanda Sudənin çəkilməyinə icazə verirəm. Biz ikimiz eyni menecerlə işləyirik. Düzdür, qızımın həvəsi və istedadı var, amma  gələcəkdə "mütləq aktrisa olmalıdır" deyə bir konkret fikrimiz yöxdur.
Oğlum Uğur da 21 yaşına keçdi və kino operatoru fakültəsində oxuyur. Yəni hamımız bu sənətin içindəyik. İnşallah görək gələcəyimiz necə olacaq.


- Sudə kiçik yaşlarından tanınmağa başladı. Kiçik yaşlı qız maraqlıdır  tanınmağını necə qəbul etdi? 
- Hər iki övladım teatrda böyüyüb. Qayınanam və baldızım evdə olmayan zaman onları uşaq çantalarında teatra aparırdım. Hər ikisi bu sənətin  bir iş olduğunu bilirlər. Sudə seriallarda oynayıram, tanınıram deyə düşünüb özünü yüksəkdən tutan deyil. Elə uşaqlar var ki, heç kimə qarışmırlar, tək başına gəzirlər.  Sudənin belə davranmasına əsla icazə vermərəm.  O məsələlərdə qızıma qarşı son dərəcə ciddiyəm. Görsəm ki, o uşaqlığını unudub,  böyük aktrisalar kimi hərəkət edir, qarşısını alaram. Çünki o zaman Sudə üçün sənət bitmiş olar. Qeyd etdiyim kimi Sudə teatrda böyüdüyü üçün tanındıqdan sonra həyatında heç nə dəyişmədi. Düzdür, tanınmaq xoşuna gəlir. Məsələ, bir yerə gedirik, deyirlər üzün mənə tanış gəlir. O dəqiqə gözümün içinə baxır. Tanıyanlar olanda sevinir. Əslində onun yaşadığı hisslər normaldı. Mən ona deyirəm ki, bu sənin işindir. Və sənin xoşuna gəldiyin üçün çəkilməyə icazə verirəm.O demək deyil ki, mütləq gələcəkdə aktrisa olacaqsan. Qızıma qarşı bir çox tələblərim var və o, bunları bilir.


- Həm sənətinizi, həm də ailənizi bir arada necə tənzimləyirsiniz?
- Çox tədbirli insanam və özüm üçün proqram tərtib etmişəm. Yoldaşımın ailəsi işimdə uğur qazanmağım üçün çox kömək etdi, uşaqlarımı qayınanam və baldızım saxladı. Onlarla çox gözəl münasibətim var və onları çox sevirəm. Onlar da məni çox sevir. Onların dəstəyi ilə teatrda və evdə işimi asanlıqla həll edirdim. Evdə olmadığım zaman qayınanam gəlib yemək bişirib və ya evinə dəvət edib. Düşünmürdüm ki, görəsən uşaqlar necə oldu? Övladlarımı dayənin nəzarətinə qoymadılar.
Yəqin ki ailə daxilindəki gözəl münasibətimiz sənətdə və ailəmdə uğurlu olmağıma kömək etdi. Bəzən düşünürəm ki, onlar olmasa bu çətinliklərin öhdəsindən necə gələ bilərdim? Evdə iki uşaq, teatr, çəkilişlər və s. Bir neçə gündür ki, Bakıdayam və uşaqlarıma yenə də onlar baxır.


- Necə oldu ki, Türkiyədə aktrisa kimi fəaliyyətinizi davam etdirmək  qərarına gəldiniz? 
- "Azdrama" da işləyəndə Türkiyəyə qastrol səfərə getmişdik, orada həyat yoldaşımın qardaşı ilə tanış olmuşdum. Sonra da həyat yoldaşımla tanış oldum.  Biri-birimizi bəyəndik və o mənə evlilik təklif etdi. Mən də evlilik təklifini tez qəbul etdim, çünki vizamın müddəti bitirdi (gülür). Evləndikdən iki ay sonra yoldaşıma işləmək istədiyimi bildirdim. Onlar da dedilər ki, səni teatra işə düzəldəcəyik. Mən təəccübləndim, çünki Azərbaycanda heç kim gəlininin aktrisa olmasını istəmirdi. "Siz mənim aktrisa olmağımı istəyirsiniz," deyə soruşdum. Onlar da məətəl qaldılar ki, mən aktrisa ola-ola necə başqa sahədə işləməyi düşünə bilirəm. Dedilər ki, sən aktrisasan və öz sənətinlə məşğul olmalısan. 


- Tanınmış sənət adamısiz.  Hər kəs sizi tanıyır. Yoldaşınız sizi qısqanmırmı? 
- Yox, yoldaşım heç vaxt məni qısqanmayıb. Cünki sənətimi sevən bir insandır. Bəlkə də mən onu qısqandıracaq bir hərəkət etsəydim qısqanardı. Ümumiyyətlə, qısqanclığını görməmişəm.


- "Azdrama"nın açılışında iştirak etdiniz, aktyorlarımızı necə dəyərləndirirsiniz?
- Həmişə demişəm ki, aktyorlarımızın təməli güclüdür. "Qarabağnamə" tamaşasını da, aktyorlarımızı da çox bəyəndim. Azərbaycan aktyorları türk aktyorlarından seçilmirlər. 


- Teatrda son vaxtlar bir çox problemlər yaşandı. Azər Paşa Nemət baş rejissor və bədii rəhbər təyin edildi. Teatrın rəhbərliyinin bir sıra səlahiyyətləri məhdudlaşdırıldı. Buna münasibətinizi bilmək istərdik? 
- O problemlərin içində olmaq istəmirəm. Çünki akyorlar çox duyğusal insanlardır. Hər şeydən çox tez əsəbləşir, qəlbləri çox tez qırılır. Tezliklə bu problemlərin də həll olunacağını düşünürəm. Əslində bu haqda çox da məlumatlı deyiləm. Qarışıq bir məsələdir. İnşallah ən qısa zamanda problemlər həll olar. Çünki dünya teatrları fərqli yerdədir, teatrın yüksəlişi üçün hərəkət edirlər. Türk teatrları dünyaya açılıb.  Bizim teatrda baş verənlərə ürəyim ağrıdı. Aktyorlar azad olmalıdırlar. Düzdür, teatrın bütün ağırlığını aktyorlar daşıyırlar. Çünki tamaşaçı ilə səhnədə baş-başa qalan aktyordur. Ona görə onların qayğısına qalmaq lazımdır. Türkiyədə aktyorlara çox böyk qayğı ilə yanaşırlar. Onların maddi durumu çox yaxşıdır. İstərdim ki, bizim aktyorlarımız da elə olsun. Sənət adamlarının qəlbini qırmaq düzgün deyil.


- Sizi nə vaxtsa "Azdrama"nın səhnəsində görə biləcəyikmi?
- Əgər dəvət etsələr, görə bilərsiz. Mənə bildirirlər ki, sizinlə qürur duyuruq, teatrda görmək istəyirik, amma dəvət etmirlər. Artıq buna görə lazımı yerlərə müraciət edəcəm. Əməkdar incəsənət xadimi oldum və buna da haqqım var. "Azdrama"da tamaşa qoymaq istəyirəm.


- Səhv etmirəmsə, Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilov sizi teatra dəvət edib. 
- Əvvəl İsrafil müəllimə dedim ki, gəlim teatrda tamaşa qoyum. O da dedi ki, baş üstə, niyə də olmasın. Belə bir söhbətimiz olub, amma indi bilmirəm zarafat, yoxsa doğru idi. İsrafil müəllim sənət adamıdır. Mən onu institut illərindən tanıyıram və çox savadlı teatrşünasdır. Dəvət edərsə niyə də tamaşa hazırlamayım? Artıq yaradıcılığımın bir hissəsini Azərbaycanda da davam etdirmək istəyirəm. Çünki Türkiyədə teatrda aktrisa və rejissor kimi istədiyim yerdəyəm. Seriallara da çəkilirəm. Vətənimə də vaxt ayırmalıyam və buranın da çox şeyə ehtiyacı olduğunu görürəm. Orada püxtələşmiş bir insan olduğum üçün bacarığımı vətənimdə həyata keçirmək istəyirəm. Türkiyədə "ilin rejissoru" seçilmək asan məsələ deyil. 


Rəqsanə Həsənova

 
 

 






Fikirlər