Ermənistanın tələsik sülhdə məqsədi bu imiş - Komitə sədri AÇIQLADI...

Ermənistanın tələsik sülhdə məqsədi bu imiş - Komitə sədri AÇIQLADI

Ermənistan rəsmiləri ötən gün İrəvan və Bakı arasında müzakirə edilən sülh sazişi layihəsi üzrə təzadlı açıqlamalar veriblər. Ermənistan parlamentinin sədri Alen Simonyan iki ölkənin sülh müqaviləsi layihəsinin 16 bəndi üzrə razılığa gəldiyini iddia edib. O, bu barədə Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu assambleyasında danışıb.

 "Bir neçə ay öncə sülh prosesi başlayanda, Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş maddə üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik", – Simonyan qeyd edib.

 Bunun ardınca Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli KİV-lərə bildirib ki, Azərbaycan avqustun sonunda İrəvanın sülh müqaviləsi layihəsi (saziş layihəsinə 10-cu təkliflər) ilə bağlı irəli sürdüyü təklifə hələ cavab verməyib. Azərbaycan mənbələri qeyd edir ki, Simonyanın sülh razılaşmasının 16 bəndi üzrə qarşılıqlı anlaşma əldə olunması barədə bəyanatı tamamilə yalandır və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

 Ermənistan hakimiyyəti əvvəllər Azərbaycana sülh müqaviləsi layihəsinin razılaşdırılmış 16 bəndindən 13-nü imzalamağı, sonra isə qalan üç bənd üzrə razılığa gəlməyi təklif edib. Prezident İlham Əliyev Belçika səfirini qəbul edən zaman qeyd edib ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Dövlət başçısı bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.

             

     

     

    Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, müqavilənin imzalanması və daha sonra digər müddəalarının razılaşdırılması dünya praktikasında yoxdur:

     "Ermənistan tərəfi özünə uyğun olan maddələrin imzalanmasını təklif edir. Dünyada elə bir proses yoxdur ki, ayrı-ayrı maddələr imzalansın sonra yerdə qalan müddəalarla bağlı qərarlar qəbul olunsun. Əsas maddə düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Eləcə də Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Bir neçə müddətdən sonra bu maddə məhz onların parlamentinin iclasına çıxarılanda, yaxud ratifikasiya üçün tövsiyə olunanda, təbii ki, həm müxalifət, həm də digərləri bunun əleyhinə ola bilər".

     Komitə sədri vurğulayıb ki, bir daha Ermənistanın müstəqil daxili və xarici siyasətinin olmadığına şahidlik edirik:

     "Ermənistan proseslərdə status-kvonun saxlanmasına çalışır. Eyni zamanda sülh müqaviləsinin imzalanması ilə bağlı atılan addımlarda hətta ərazi bütövlüyü və konstitusiya ilə bağlı referendumun uzadılması,təbii,onu göstərir ki, onlar sülh müqaviləsinin imzalanması üçün güclü cəhdlər etmirlər. Bu da bir daha göstərir ki, Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur. Hər hansı havadar qüvvələr çalışırlar ki, Ermənistanı vasitə kimi istifadə etsinlər. Bütün bunlar Azərbyacan tərəfindən izlənilir. Azərbaycan tərəfi həmişə olduğu kimi heç kəsin ərazi bütövlüyünə iddia etmir".






    Fikirlər