"HİZBULLAH" NETANYAHUNUN EVİNİ VURDU - Baş nazirin taleyi məlum deyil + VİDEO

"Hizbullah"a aid olduğu iddia edilən kamikadze pilotsuz təyyarə İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki evini hədəf alıb.

"AzPolitika" xəbər verir ki, hadisə şahidlər ərazidən güclü partlayış eşitdiklərini bildiriblər.

Xarici mənbələr hücum zamanı Netanyahunun evdə olduğunu və partlayış nəticəsində yaralandığını iddia edib. İsrail rəsmilərindən məsələ ilə bağlı heç bir açıqlama və ya təsdiq gəlməyib.

Hadisənin ardından İsrail hökuməti bu xəbərlə bağlı İsrail mediasına senzura tətbiq edib.

İsrail ordusundan verilən açıqlamada isə bildirilib ki, Livandan İsrail hava məkanına daxil olan 3 PUA aşkar olunub, onlardan ikisinin məhv edilib. Bir PUA-nın isə Qeysəriyyə şəhərində tikiliyə düşdüyü, lakin xəsarət alan olmadığı bildirilib.

İsrail Baş nazirinin ofisi də Benyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahına pilotsuz təyyarə ilə hücum edildiyini təsdiqləyib. Lakin iddia edilib ki, hücum zamanı Netanyahu evdə olmayıb.

Digər tərəfdən, İsrail polisinin Netanyahunun evinin ətrafına çoxlu sayda hərbçi göndərdiyi və şəhərdə bu yerə gedən yolların giriş-çıxışlarını bağladığı bildirilib. Sosial mediada yayımlanan görüntülərdə Netanyahunun iqamətgahı ətrafında təhlükəsizlik üçün beton blokların və mühafizə kabinəsinin yerləşdiyi əraziyə tibbi qrupların və polisin toplaşdığı görünüb.

Qeyd edək ki, "Hizbullah" hələlik hücumla bağlı heç bir açıqlama verməyib.

 

 

 

 






Fikirlər