“ ...Azərbaycanın demokratik, insan azadlıqlarını təmin edən bir dövlət olmasını göstərməkdir...”

“Bu saat əsas vəzifə bütün dünyaya Azərbaycanın demokratik, insan azadlıqlarını təmin edən bir dövlət olmasını göstərməkdir...”

“Böyük ümidlər yaranıb ki, bundan sonrakı dövrdə də Azərbaycan xalqı və dövləti yerdə qalan digər həllini tapmamış problemləri də həll edə və eyni zamanda qarşısına böyük hədəflər qoya bilər. Mən buna inanıram. Və ona görə də xalqımızı, millətimizi 18 Oktyabr- Müstəqilliyimizin Bərpası Günü münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar diləyirəm...”
 
“1991-ci ildən bəri yarımçıq qalmış əsas problem işğal altındakı torpaqların azad edilməsi, ərazi bütövlüyü və dövlət suverenliyinin bərpa olunması idi ki, bunu son  illərdə, nəhayət, həll etdik. Bundan sonra isə dövlətimizin qarşısında duran əsas məsələ Azərbaycanı inkişaf etmiş bir dövlətə çevirmək, rifah cəmiyyəti yaratmaq və  bütün dünyaya Azərbaycanın demokratik, insan azadlıqlarını təmin edən bir dövlət olmasını nümayiş etdirməkdir”. 
 
Düz 33 il öncə -1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atmış istiqlalçı deputatlardan biri, Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Moderator.az-a açıqlamasında belə deyib.
 
“18 Oktyabr- Müstəqilliyimizin Bərpası Günü bizim üçün, Azərbaycan xalqı üçün, həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımız üçün də ən böyük bayramdır. Rusiya imperiyasının əsarəti altında olduğumuz uzun, iki əsrlik dövrdən və  1918-1920-ci illərdəki  Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan keçən 70 illik fasilədən sonra Azərbaycan xalqı öz müstəqilliyini bərpa edə bildi. Və qısa müddətdə dünyada tanınan bir dövlətə çevrildi. Son nəticədə Azərbaycan xalqının doğrudan da bu müstəqilliyə layiq olduğunu bütün dünya gördü. Azərbaycan xalqı bu az bir müddətdə öz qarşısında duran ən böyük problemi –işğal edilmiş torpaqların azad edilməsi, ərazi bütövlüyü və dövlət suverenliyinin bərpa olunması problemini uğurla həll elədi”,  - deyən AMİP-in fəxri lideri Azərbaycanın gələcəyinə də ümidlə baxdığını ifadə edib:
 
“Böyük ümidlər yaranıb ki, bundan sonrakı dövrdə də Azərbaycan xalqı və dövləti yerdə qalan digər həllini tapmamış problemləri də həll edə və eyni zamanda qarşısına böyük hədəflər qoya bilər. Mən buna inanıram. Və ona görə də xalqımızı, millətimizi Müstəqilliyimizin Bərpası Günü münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar diləyirəm. Eyni zamanda arzu edirəm ki, hər kəs, hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizin daha da möhkəmlənməsi, Vətənimizin çiçəklənməsi və xalqımızın rifah halının daha da yüksəldilməsi üçün əlindən gələni etsin”. 
 
Bəs ən azı hüquqi cəhətdən müstəqil olduğumuz bu 33 il ərzində Azərbaycan dövləti, xalqı üçün həll edilməmiş əsas problemlər, yarımçıq qalmış işlər hansılardır?” sualına isə istiqlalçı deputat belə cavablandırıb:
 
“Öncə qeyd etdiyim kimi, 1991-ci ildən bəri yarımçıq qalmış əsas problem işğal altındakı torpaqların azad edilməsi, ərazi bütövlüyü və dövlət suverenliyinin bərpa olunması idi ki, bunu son  illərdə, nəhayət, həll etdik. Bundan sonra isə dövlətimizin qarşısında duran əsas məsələlər Azərbaycanı inkişaf etmiş bir dövlətə çevirmək, rifah cəmiyyəti yaratmaq və  bütün dünyaya Azərbaycanın demokratik, insan azadlıqlarını təmin edən bir dövlət olmasını nümayiş etdirməkdir. Bu saat əsas vəzifə budur. Daxildə əsas problemlər, əvvəlki söhbətlərimizdə də dediyim kimi, qanunçuluğun təmin olunması, xüsusən məmurlar tərəfindən qanunlara riayət olunması, Azərbaycanın idarəçiliyində əhalinin iştirakının təmin edilməsi və ən əsası, insanların rifah halının yüksəldilməsi üçün iqtisadi azadlıqların təmin olunmasıdır...”.
 
 






Fikirlər