Bəşər Əsədin maşın kolleksiyası... - Lüks avtomobillərin fantastik qiymətləri + VİDEO

Suriyanın devrilmiş lideri Bəşər Əsədin Dəməşqdəki Prezident Sarayının qarajında çoxlu sayda klassik və elektrikli avtomobillər, eləcə də nadir tapılan nəqliyyat vasitələrindən ibarət qalereya aşkarlanıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi”nin müxbirləri məlumat veriblər.

Məlumata görə, qarjda çoxlu sayda “Ferrari F50”, “Lamborghini Murcielago”, “Aston Martin”, “Bentley” və “Cadillac” kimi bahalı avtomobil markalarına rast gəlinib.

Qeyd olunur ki, “Ferrari” brendinin ən bahalı modellərindən biri kimi tanınan “F50”-nin bazar dəyəri təxminən 3 milyon dollardır. Sarayın lüks avtomobilləri arasında yer alan Ferrari F12 Berlinetta” isə təxminən 2 milyon dollar dəyərində qiymətləndirilir.

Dayanacaqdakı lüks avtomobillər arasında İtaliyanın avtomobil istehsalçısı “Lamborghini”-nin “Murcielago” modeli də var ki, bu da məhdud sayda istehsal edilən və astronomik rəqəmlərə alıcı tapmış idman avtomobil modelləri arasındadır. Kolleksiyaçılar və avtomobil həvəskarlarının sevimlisi olan “Murcielago” modellərinin orta satış qiyməti təxminən bir milyon dollara çata bilir.

Əsəd ailəsinə məxsus avtomobillərdən biri də “Aston Martin” markalı lüks avtomobil idi. İngilis avtomobil istehsalçısı “Aston Martin” markalı avtomobillərin qiymətləri model və xüsusiyyətlərinə görə 1 milyon 500 min dollara qədər çıxa bilir. Britaniyanın lüks avtomobil istehsalçısının “Bentley” markalı avtomobilləri də Əsəd ailəsinin qarajında olduğu halda, bu markanın ən təvazökar modelləri belə 320 min dollar civarında satışa çıxarılır.

Dayanacaqda görünən dəbdəbəli avtomobillər arasında Almaniyanın “Mercedes” avtomobil şirkətinin “AMG G 63” avtomobili də var ki, onun satış qiyməti 186 000 dollardır.

Əsəd ailəsinin qarajında “Cadillac”-ın yeni nəsil elektrik modeli “Escalade” də var.

SUV konseptində istehsal edilən lüks “Escalade”-nin satış qiyməti 170 min dollara qədərdir.

 

 

 






Fikirlər