Dünyanın geosiyasi xəritəsi sürətlə dəyişir. Regional və qlobal güclərin yeni ittifaqlar qurmaq səyləri beynəlxalq münasibətlərdə yeni mərhələni işarələyir.
İran və Rusiya arasında sabah imzalanması gözlənilən Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi, iki ölkənin qlobal güc mərkəzlərinə qarşı birgə mövqe nümayiş etdirmək niyyətinin göstəricisidir. Eyni zamanda, ABŞ-ın Ermənistanla Strateji Tərəfdaşlıq Xartiyası imzalaması və bölgəyə sərhəd mühafizə qrupu göndərməsi, Cənubi Qafqazın qlobal rəqabətin önəmli bir sahəsinə çevrildiyini göstərir. Yaxın Şərqdən sonra diqqətin Cənubi Qafqaza yönəlməsi təsadüf deyil. Baş verənlər bölgənin gələcək taleyinə dair ciddi suallar yaradır. Bu proseslərin fonunda Cənubi Qafqaz yeni "böyük oyun"un mərkəzinə çevriləcəkmi?
Moderator.az-a danışan politoloq Mehman İsmayılov deyib ki, Rusiya ilə İranı bu gün yaxınlaşdıran iki səbəb var: birinci, ümumi düşmən, ikinci düşdükləri faciə. Sovet İttifaqı dağılandan sonra Rusiya NATO- ya üzv olmaq üçün müraciət etdi. Çünki Rusiya anlayırdı ki, Sovet İttifaqını çökdürən Qərb, xüsusilə Birləşmiş Ştatlar, Rusiya Federasiyasının çökdürülməsi üçün addımlar ata bilər:
“Çünki Rusiyanın hakimiyyəti hər zaman demokratikləşmə proseslərindən dəhşətli dərəcədə çəkinirlər. Rusiya əslində federalizm prinsipinə söykənməyən, getdikcə unitarlaşan bir dövlətdir və federalizm prinsipləri tətbiq edilsə və ya demokratik təsisatların qurulmasına baş vurulsa, Rusiya içindən sökülməyə başlayır. O səbəbdən də 1991-ci ildən sonra Rusiya bir koalisiya yaratmaq fikrini reallaşdırmaq istədi və bunu gizlətmədi. Uzun müddət Rusiyanın rəhbərliyi istədi ki, Rusiya, İran, Çin birliyi yaratsınlar. Əlbəttə ki, Çin bu avantüralara gedəcək, dövlət deyil. Çin çox müdrik siyasət aparır və Qərblə qarşıdurmaya getməyəcəyi hər kəsə məlumdur. Çinin ən nəhəng ticarət dövriyyəsi Avropa İttifaqı və Birləşmiş Ştatlarladır. Hətta Putin hakimiyyətə gələndən sonra da Rusiya tərəfi təkrar NATO- ya üzvlük üçün müraciət etdi. Lakin bu dəfə də rəsmi Moskva NATO tərəfindən rədd edildi. Təbii ki, NATO Rusiyaya tərəfdaş kimi deyil, rəqib kimi baxır. Rusiya 1994-cü ildə, Budapeşt Memorandumu çərçivəsində Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa və Federativ Almaniya ilə birgə Ukraynanın nüvə silahından imtina etməsi əvəzində onun təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə zəmanət verməyi öhdəsinə götürmüşdü. Lakin həmin zamin ölkələrdən biri olan Rusiya, elə həmin ildən etibarən Ukraynanın ərazi bütövlüyünü tanımadı. Xüsusilə, Krımı və Sevastopolu Rusiyaya qaytarmaq məqsədilə ən kəskin siyasi-diplomatik addımlar atıldı və bu yanaşma zamanla daha da sərtləşdi. Ukrayna ilə Rusiya arasında davam edən gərginlik 2022-ci ilin fevral ayında böyük qarşıdurmaya çevrildi. Ukraynaya hücum etməmişdən öncə Rusiya birinci bir sınaq addımı atdı və 2008-ci ildə Gürcüstanın ərazisini işğal etdi. Qərb anlayırdı ki, Gürcüstana görə bütün Avropanı NATO- nun anti rus müstəvisində toplaya bilməyəcəklər. Ona görə də Rusiyaya yüngül sanksiyalar tətbiq etdilər. Bundan çox ruhlanan Rusiya 2014-cü ildə Gürcüstan hadisələrindən cəmi altı ay sonra Krımı işğal etdi. Krım yarımadasının işğalı, eləcə də Donetsk və Luqansk vilayətlərinin Rusiya tərəfindən zəbt edilməsi dünya tərəfindən yetərli reaksiya ilə qarşılanmadı”.
Politoloq xatırladıb ki, 2022-cü ilin fevralında Rusiyanın Ukrayna ərazisinə qoşun yeritməsi və müharibəyə başlaması dünyanın yenidən şəkillənməsinə gətirib çıxartdı:
“Bu gün dünya ölkələri Ukraynanın Rusiya tərəfindən işğalına imkan vermir. Çünki bu, dünyanın dəhşətli faciəsinə səbəb olar. Əgər Rusiya Ukraynada qələbə çalsa, bu postsovet məkanı və Avropa üçün çox böyük təhlükələrin qapısını açar. Ona görə də Rusiya yanlış addım atdı və bu gün Ukraynanın bataqlığında üzücü müharibə ilə boğulurlar. Rusiyaya qarşı 55 dövlətin koalisiyası yarandı, NATO daha da genişləndi. Birləşmiş Ştatlar və Böyük Britaniya yeni xartiya imzaladı. Beynəlxalq koalisiyanın yaradılması, Ukraynanın həm xalqının, həm ordusunun, həm bütün hərbi sənaye kompleksinin hərbi məcraya yönəldilməsi Rusiyanı çətin duruma salıb. Rusiya Ukraynanın bəzi ərazilərini işğal etmiş olsa belə, bu qələbə deyil. Rusiya nə irəli gedə bilmir, nə geri qayıda bilmir. Çünki bütün dünya anladı ki, Rusiya Ukraynanı tamamilə işğal etmək istəyir. Rusiyaya Xerson, Krım, Donetsk, Luqansk gərək deyil, bütün Ukrayna gərəkdir. Bunu əldə etməyə dünya imkan vermir. Ona görə də Rusiya çoxdan arzuladığı koalisiyanı yaratmaq istəyir. 2024-cü ilin yayında Rusiyanın prezidenti Putin Şimali Koreyaya səfər elədi. Sovet İttifaqı ilə zamanında Şimali Koreya arasında hərtərəfli qarşılıqlı yardım haqqında müqavilə vardı. Sonradan Rusiya bu müqaviləni qüvvədən saldı. 2024-cü ilin yayında yenidən Şimali Koreya ilə Rusiya arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalandı və koalisiya yarandı. Buna görə də Ukraynanın ərazisində Şimali Koreyanın əsgərləri, zabitləri vuruşurlar”.
M. İsmayılov onu da əlavə edib ki,Yaxın Şərqdə İran və Rusiya birlikdə apardıqları siyasəti uduzdular:
“Rusiya və İran Bəşər Əsəd rejimini qoruya bilmədilər və o tarixin səhnəsindən silindi. Son iki aydır Türkiyə tərəfindən yenidən şəkillənən Suriyada terror ocaqlarının zərərsizləşdirilməsi prosesi uğurla davam etdirilir. Həmasın, Hizbullahın, Yəməndəki husilərin İsrail tərəfindən məhv edilməsi İranı məcburən öz təhlükəsizliyini qorumaq məsələsinə daha diqqətli yanaşmağa məcbur etdi. Artıq Yaxın Şərqdəki İranın proksi qüvvələri İrandan yardım ala bilmirlər. Onların İsrail tərəfindən məğlub edilməsi İranı çox müşkül vəziyyətə salıbdır. Öz güclərini itirən İran və Rusiya sabah Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalayacaqlar".
“Güney Qafqazda geosiyasi mühit sürətlə dəyişir. 15 yanvar tarixində Vaşinqtonda imzalanan ABŞ-Ermənistan Strateji Xartiyası, yəni Ermənistan-ABŞ koalisiyası, eləcə də İran-Rusiya ittifaqı bölgədəki proseslərə ciddi təsir göstərəcək. Bu kontekstdə Güney Qafqazda getdikcə güclənən Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqı diqqətəlayiqdir. Eyni zamanda, Yaxın Şərqdə Türkiyənin artan gücü və Rusiyanın İranla birlikdə bu regionda məğlubiyyəti, bölgədəki qüvvələr balansını dəyişir. İran-Rusiya koalisiyası, Ermənistan-Azərbaycan gərginliyindən istifadə edərək Güney Qafqazda üstünlüyünü qorumağa çalışır. Lakin bu ittifaqın yenidən birləşmək məcburiyyətində qalması, bölgədə yeni siyasi və hərbi düzənin yaranacağını göstərir. Şübhəsiz ki, bu dəyişikliklər regional proseslərə ciddi təsir göstərəcəkdir”,- deyə Mehman İsmayılov şərh edib.