"ABŞ Türkiyənin başı üzərindən RUSİYA ilə sövdələşdi" — POLİTOLOQ

"ABŞ Türkiyənin başı üzərindən Rusiya ilə sövdələşdi" — Politoloq

NATO Türkiyəyə qarşı hər hansı bir hücum olarsa, hərtərəfli dəstək verməyə hazır olduğunu bəyan edib.

Bu sözləri baş katib Yens Stoltenberq deyib. Ancaq Türkiyədə baş verən terror hadisələri zamanı və Suriya kürdlərinin türkmənlərə qarşı apardığı əməliyyatlar zamanı həm NATO həm də ABŞ səssiz qalmışdı.

Hətta ABŞ rəsmiləri Türkiyədən PYD-yə qarşı apardığı bombardmanı dayandırmasını da tələb etmişdilər.

Baş verənlərlə bağlı politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Ən ağır günlərdə, terror əməliyyatları zamanı, Rusiyanın Türkiyəyə psixoloji və digər təzyiqlər göstərdiyi bir zamanda NATO-nun Rusiyaya qarşı fəal hərəkətlərinin şahidi olmadıq. Almaniyadan başqa Türkiyənin müttəfiqləri onu çətin vəziyyətdə olanda müdafiə etmədilər. Son dövrlərdə PYD-nin hərbi qanadı olan YPG həm Suriya Azadlıq Ordusuna, həm də türkmənlərə qarşı hərbi əməliyyatlara başlayıb. Türkiyə YPG-ni vuran zaman NATO ümumi mövqe ortaya qoymaqla kifayətləndi. PYD və onun hərbi qanadı olan YPG Türkiyə sərhədləri üçün təhdiddir. Ancaq onlar İŞİD-ə qarşı mübarizə apardığı üçün ABŞ tərəfindən müdafiə edilirlər. Hətta ABŞ prezident səviyyəsində Türkiyəni PYD-ni bombalamamağa çağırdı. Bu çağırış müttəfiqə hörmətsizlik kimi qələmə verilə bilər.

Türkiyə faktlarla sübut etdi ki, terroru kim törədir. Türkiyə Ankara terrorunun PYD tərəfindən hazırlandığını və təşkilatçının Suriya və onu himayə edənlər tərəfindən göndərildiyini bildirdi. Ancaq Ankarada baş verən terror aktına görə nə NATO-nun, nə də ABŞ-ın çəkindirici mövqeyini görmədik. Yalnız başsağlığı və PYD-yə başqa əraziləri işğal etməməyə çağırış oldu.

ABŞ Türkiyənin başı üzərindən Rusiya ilə sövdələşdi. ABŞ-la Rusiya Suriyada atəşkəs haqqında razılığa gəldilər. Razılığa görə, yalnız İŞİD mövqelərinə hava zərbələri endiriləcək. Rusiyanın bununla bağlı verdiyi vədlərə də inanmıram. Rusiya bataqlığa düşdüyünü, buranın da ikinci Əfqanıstana dönəcəyini anlayıb ziyanın yarısından geri qayıtmalıdır. Atşkəsin elan olunması müsbət bir faktdır. Suriya probleminin həlli isə hələ çox vaxt aparacaq".






Fikirlər