Sadə vətəndaşların “VERBOVKA” olunmasının pərdəarxası...

Terror-təxribat işləri ilə bağlı tapşırıqlar verilə, onu daha radikal işlərə qoşa bilərlər” - ekspert

Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Anar Vaqif oğlu Ələkbərovun dövlətə xəyanət maddəsi ilə həbs edilməsi haqda məlumat vermişdik. Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) yaydığı rəsmi məlumatda bildirilirdi ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərovun ifşasından 2 ay əvvəl, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici xüsusi xidmət orqanlarına çalışan Azərbaycan vətəndaşları, 1959-cu il təvəllüdlü Zakir Əlibala oğlu İsmayılov və 1977-ci il təvəllüdlü Bəhruz Yaşar oğlu Yusifzadəni həbs etmişdi. Bu şəxslər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işləyiblər.

Hələ 2015-ci ildə MTN-də məlum əməliyyat keçiriləndən sonra təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a demişdi ki, Azərbaycanda təhlükəsizlik sahəsində təcili işlər aparılmalıdır.

Mingəçevir sakini Anar Ələkbərovun həbsi ilə bağlı “Yeni Müsavat”a açıqlama verən İlham İsmayıl bu istiqamət üzrə DTX-nin gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib.

Xarici xüsusi xidmət orqanlarının vəzifə, informasiya daşıyıcısı olmuş şəxslərlə yanaşı sıravi Azərbaycan vətəndaşlarının “verbovka” edilməsinin səbəbləri nədir? Onlar necə, hansı şəraitdə agent edilir? Bu şəxslərdən hansı cür istifadə olunur?

Bu sualları cavablandıran sabiq MTN zabiti İlham İsmayıl dedi ki, hər bir ölkənin özünəməxsus kəşfiyyat-casusluq xarakteri var: “ABŞ, Almaniyanın Azərbaycandakı maraqları ilə İran və Rusiyanın maraqları, yəni casusunun qarşısına qoyduğu məqsədlər fərqlidir. Əgər birincilər daha çox informasiyalı adamlara meyllənirlərsə, ikincilərdə isə fərqi olmur. Çalışırlar ki, daha çox özlərinə tərəf çəksinlər. Yeri gələndə başqa məqsədlər üçün - yəni sadə informasiya toplamaq yox, bir əməl yerinə yetirməsi üçün istifadə oluna bilər. Terror, kiməsə zərər yetirə bilər, əlaqə yaradan kimi istifadə edilə bilər. Qayda belədir ki, bir ölkəyə aqressiv münasibət bəsləyirsənsə, orada istənilən şəxsdən istifadə etməyə, maksimum çox şəxsi cəlb etməyə çalışırsan. Çünki səni orada informasiya ilə yanaşı, təxribatla da məşğul olmaq, kimlərisə cəlb etdiyin adamlar vasitəsi ilə ələ keçirmək istəyirsən. Ən adi, elementar xəbərləri əldə etməyə çalışırsan, vacib deyil ki, yalnız məxfi məlumatlar toplansın. Adi xəbərləri belə almaq, real durumu öyrənmək üçün sadə vətəndaşları cəlb edirlər. Ölkələrin bu və ya digər ölkədəki maraqlarından asılıdır. Klassik qayda odur ki, informasiya daşıyıcıları olan şəxslərə çıxırlar. Bu alınmayanda ona yaxın, ətrafında olan adamları cəlb edirlər. Yaxın qohumu, dostunu cəlb edirlər”.

İlham İsmayıl ile ilgili görsel sonucu

İlham İsmayıl deyir ki, şimal və cənub qonşularımızın casusu yaxalanan zaman bir qayda olaraq bu ölkələrin adları açıqlanmır: “Səbəb də odur ki, həmin ölkələrlə münasibətləri pozmaq istəmirlər. Ümumiyyətlə, bu cür təcrübə mövcuddur. Əvvəllər belə məsələlərlə bağlı heç bir məlumat açıqlanmırdı. İndi isə ictimaiyyətə məlumat verilir. Məlumat verilməsinin üstün cəhəti ondan ibarətdir ki, bir qədər profilaktik tədbir daşıyır və vətəndaşlar bilirlər ki, bu cür işlərin axırı yoxdur. Əvvəl-axır bu məsələlərlə bağlı "ilişmək" mümkündür. Yeri gələndə lap şimal və cənub qonşularımızın da adları çəkilməlidir. Vətəndaş da bilməlidir ki, bu ölkələr bizə münasibətdə dost, qonşu münasibətində deyil. Xüsusilə cənub qonşumuz şəxsin informasiyalı olub-olmamasına  diqqət etmədən çalışır ki, onu ələ keçirsin. Qatıq satan qadınları belə “verbovka” edirlər. Belə şəxslərin qarşısında qoyulan öhdəliyə diqqət edəndə görürük ki, bu məlumatları hər kəs iki dəfə müşahidə etməklə toplaya bilər. Məsələn, baxar ki, hərbi hissə harada yerləşir, içəridə nə qədər adam var, silahlanması nədən ibarətdir və sairə. Deyim ki, qonşuların özləri də bu informasiyanı çox yaxşı bilirlər. Sadəcə olaraq, bu adamı cəlb etmək, özlərindən tam asılı hala salmaq üçün belə yüngül informasiyaları almaq göstərişi verirlər ki, gedib öyrənsin. Şəxs gəlib, bu informasiyanı öyrənərək, onlara ötürür. Bu zaman artıq onun cinayət tərkibi dəqiqdir. Ondan sonra şəxsə hədə-qorxu gəlirlər ki, geri çəkiləcəyi təqdirdə aşkar olunarsan, səni həbs edərlər.

Bu zaman isə şəxsə tamamilə başqa tapşırıq verirlər. Artıq terror-təxribat işləri ilə bağlı tapşırıqlar verilə, onu daha radikal işlərə qoşa bilərlər. Əgər dinlə bağlıdırsa, dinlə, başqa səbəblərlə əlaqədardırsa, həmin səbəblərlə bağlı istifadə edərlər.  Qərb və digər dövlətlər üçün Azərbaycanda  maraqlar tamamilə başqadır. Almaniyadan və yaxud da Avropanın hansısa ölkəsindən heç kim ona deyəsi deyildi ki, get Mingəçevirdə harada hərbi hissə olduğunu öyrən. Çünki hərbi hissənin yerləşməsini hər kəs kosmosdan baxaraq çox gözəl bilir. Bu, Qərbə lazım deyil və Qərb burada ideoloji diversiya,  təxribat aparmaq istəmir. DTX son zamanlar vətənə xəyanətlə bağlı xeyli adamları ifşa edib. Bu, çox yaxşı haldır. Xüsusi xidmət orqanlarının elə bir nömrəli vəzifəsi də budur. Əks-kəşfiyyatın ən ümdə vəzifəsi vətənə xəyanəti ifşa etməkdir. Yəni düşmənin casusunu burada ələ keçirməkdən yüksək səviyyəli əməliyyat yoxdur. Hiss olunur ki, DTX bu istiqamətdə olan əməliyyat şəraitinə çox ciddi nəzarət edir və bir-bir həmin xainləri aşkar edir. Hamısını aşkar etmək mümkün deyil. Çünki onlar da məxfi işləyirlər. Lakin buna baxmayaraq,  şəxslərin bir-bir aşkarlanması ikitərəfli müsbət hadisədir. Digər vətəndaşları da ayıq-sayıq olur".

İlham İsmayıl cəlbetmənin bu və ya digər şəxsin çıxılmaz duruma salınması ilə gerçəkləşdirilməsi üsulunun geniş yayıldığını vurğulayıb: “Vətəndaşı elə bir çıxılmaz duruma gətirib çatdıra bilərlər ki, agentliyə məcburən razılıq verə bilər. Həmin şəxs mütləq şəkildə gəlib hüquq-mühafizə orqanlarına, Dövlət Təhlükəsizliyi Xidmətinə xəbər verməlidir ki, belə bir hal var. Tapşırıq yerinə yetirmədən məlumat verən şəxslə bağlı qərarı xüsusi xidmət orqanı özü verir. Burada ikili oyun ola bilər. Birincisi, vətəndaş cinayət məsuliyyətindən çəkilir, artıq onun heç bir cinayəti yoxdur, çünki etiraf edir ki, belə bir məsələ var, amma heç bir tapşırıq yerinə yetirməyib. Əgər dövlət maraqlarına uyğun gəlirsə, "pereverbovka" oluna bilər. Yəni xüsusi xidmət orqanı ona tapşırıqlar verə bilər, “sən yeri gəlsə bu oyuna gir” deyilə bilər. Buna operativ oyun deyilir. Əməliyyat oyunu aparılır, qarşı tərəfin məqsədləri, istəkləri müəyyən olunur. Əsas odur ki, xarici xüsusi xidmət orqanının “verbovka” etdiyi vətəndaş bunu öz dövləti qarşısında etiraf etməlidir. Vətəndaşlıq borcunu yerinə yetirməli, dövlətə xidmət etməlidir".

İ.İsmayıl deyir ki, “verbovka” edilmiş şəxsin cinayət etmədən bu haqda xüsusi xidmət orqanlarını məlumatlandırması həmin şəxsi məsuliyyətdən kənarlaşdırmaqla yanaşı, onun təhlükəsizliyinə də təminat verilir: “Şəxs bir tapşırıq yerinə yetiribsə, sonradan bunu gəlib etiraf edərsə, tapşırığın xarakteri, dövlətə dəyən ziyanın miqdarı, keyfiyyəti, mahiyyətindən asıl olaraq onunla bağlı qərar qəbul edilir. Əgər şəxs heç bir tapşırıq yerinə yetirməyibsə, bu halda vətəndaşın vəziyyəti yüngülləşir, dövlət onu müdafiəsi altına alır. Bu dövlətin borcudur və tamamilə əks tədbirlər görülməlidir”.  (“Yeni Müsavat”)

  
 






Fikirlər