GƏNCƏNİN SABİQ MEMARI YOXA ÇIXIB! – Vətəndaşlardan külli miqdarda pul toplayıb!

meharet

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev vəzifədə olduğu vaxtlarda vətəndaşlardan müxtəlif vədlərlə, xüsusən də torpaq satacağı vədi ilə külli miqdarda pul toplayıb.

Bir qrup Gəncə sakininin KİV-lərdə dərc olunan şikayətlərində bildirilir ki, pul verən əksər vətəndaşlara torpaq sahəsi ayrılmayıb. Bir çox vətəndaşa ayrılan torpaq sahəsinə isə, müvafiq sənədlər təqdim olunmayıb. Vətəndaşların ev tikdikləri yerlərdə torpaq bölgüsü kortəbii şəkildə aparılıb. Bir torpaq sahəsi bir neçə nəfərin adına sənədləşdirilib. Digər sənədlərdə isə böyük problemlər ortaya çıxıb. Həmçinin sökülmüş obyektlərin əvəzinə kompensasiya vəd olunsa da, bu őhdəlik də yerinə yetirilməyib. 

Bildirilir ki, Məharət Mustafayev Gəncə şəhərinin yeni icra başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunduqdan sonra aldadılan vətəndaşlar onun axtarışına başlayıblar. Onların iddiasına görə, Məharət Mustafayev müvafiq idarənin rəhbəri olduğu vaxt torpaq satışı ilə bağlı çoxlu sayda qanunsuzluqlar edib.

Verilən məlumata görə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi sakinlərin çağırışına heç bir reaksiya vermir. Onun heç bir nömrəsinə zəng çatmır. Vətəndaşlar Məharət Mustafayevi tapa bilmədikləri üçün hüquq-mühafizə orqanlarına şikayət edirlər. Günlər keçdikcə şikayətçilərin sayı artır.

Pia.az saytı isə bildirir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Məharət Mustafayevin qanunsuz əməlləri və vətəndaşları aldatması ilə bağlı araşdırmalar aparır.






Fikirlər