Məhkəmələrin 7 hakimi cəzalandırıldı - ADLAR

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

AzerTaym.az xəbər verir ki, iclasda çıxış edən Şuranın sədri Fikrət Məmmədovdövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. 
Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. 

Məhkəmə fəaliyyətində mövcud nöqsanların aradan qaldırılması üçün əlavə təsirli qəti tədbirlərin görülməsi, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən kobud qanun pozuntuları, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilib. 
Qeyd edilib ki, məhkəmə hakimiyyətinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınıraq 800-dən çox hakimliyə namizədlə tam şəffaf şəraitdə müsabiqə keçirilib. Onlardan 108 nəfəri müsabiqəni, o cümlədən çoxmərhələli imtahanları və bir il müddətində davam etmiş təlim kurslarını, məhkəmələrdə, habelə Ankarada və Strasburqda–Avropa Məhkəməsində stajkeçməni uğurla başa vurub. 
İclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib. 
Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı, konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.

 






Fikirlər