KORRUPSİONER MƏMURLARA QARŞI YENİ SAVAŞ, YOXSA...?

KORRUPSİONER MƏMURLARA QARŞI YENİ SAVAŞ, YOXSA...?

Namizəd Səfərov: “Qərarlar qəbul etməklə, korrupsiyanın qarşısını almaq mümkün olmayacaq

Korrupsiyaya qarşı mübarizə etmək lazım deyil, korrupsiya ilə məşğul olmamaq lazımdır

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifələri artırılıb. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə aşağıdakı məzmunda 5.8-1-ci yarımbənd əlavə edilir:

5.8-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil edir, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin edir.

Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti bu fərmanda nəzərdə tutulan statistik məlumatları Baş Prokurorluğun müəyyən etdiyi formaya əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə mütəmadi olaraq təqdim edəcəklər.

“Bu əsasnamədən irəli gələn məsələlərin nəzarətini həmin korrupsioner orqanlara həvalə edirlər”

“350 maddəyə 10 min əlavə və dəyişiklik edilib”

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə edilən dəyişikliklə bağlı hüquqşünas Namizəd Səfərov“Hürriyyət”ə dedi ki, söhbət korrupsiyadan gedirsə, dövlət orqanlarının, hakimiyyətin bilavasitə iştirakı ilə törədilmiş cinayətlərdən gedir: “Bu, bilvasitə hakimiyyətin əli ilə tutulan siyasi mövqedən, vəzifədən istifadə etməklə korrupsiya ilə məşğul olmaqdır. Bu da dövlət orqanlarına aiddir. Biz bilirik ki, bu gün ölkədə korrupsiya ilə məşğul olan, böyük büdcə vəsaitini oğurlayan, xalqın əmlakını talayan kimlərdir. Bu, vəzifəli şəxslər, ayrı-ayrı nazirliklər, nazirlər və yaxud ondan daha yüksək vəzifəli şəxslərdir, cinayətkar qurumlardır. Vətəndaş acından ölür, onlar korrupsiya ilə məşğul ola bilməz və yaxud oğurlaya bilməz ki. Bu əsasnamədən irəli gələn məsələlərin nəzarətini həmin korrupsioner orqanlara həvalə edirlər. Guya ki, bunlar özləri törətdiyi korrupsiya əməllərinin statistikasını aparacaqlar, vahid bir mərkəzə ötürəcəklər, onların da özlərini tutub, “dama” basacaqlar. Yenə də bu qərar kasıb-kusubun üzərinə yönələcək. Korrupsiya ilə məşğul olan insanlar isə bu qanunun dairəsindən kənarda qalacaqlar. A kişi, korrupsiyaya qarşı mübarizə etmək lazım deyil, korrupsiya ilə məşğul olmamaq lazımdır. Əvvəlcə korrupsiya ilə məşğul ol, sən dövlət əmlakını, xalqın əmlakını tala, oğurla. Sonradan da qərarlar, əsasnamələr çıxar ki, korrupsiyaya qarşı mübarizə aparıram. Korrupsiyaya qarşı mübarizə aparmaq lazım deyil”.

“Hara baxırsan, korrupsiyadır”

“Cinayət Məcəlləsi var, orada bütün cinayətlərin törədilməsi öz əksini tapıb, o cümlədən korrupsiya ilə bağlı maddələr var. Bundan sonra, Prokurorluqda, Daxili İşlər Nazirliyində korrupsiyaya qarşı mübarizə idarələri açmaq, gündə bir əsasnamələr yazmaq bunlar hamısı gözdən pərdə asmaq, gözə kül üfürmək üçündür. Cəfər Cabbarlının bir sözü var. Cəfər Cabbarlı “Almaz” pyesi üzərində işləyərkən birdən həyat yoldaşı gəlib, deyir: “ay Cəfər, qonşu gəlib deyir ki, səhərdən nehrə çalxayıram, alnmır. bir dua yazsın, yağ əmələ gəlsin” Cəfər Cabbarlı bilir ki, arvadın hövsələsi çatmır ki, nehrəni çalxalayandan sonra 15 dəqiqə nehrəni gözləsin ki, nehrə alınsın. Hər dəqiqə dayanır çalxayır, əlini atır, baxır ki, nehrə nə vaxt yağ verəcək. Cəfər Cabbarlı deyir:

Anam, bacım, xanım ağa

Dua yazmaq neynər yağa

Sən özünü bərk bas yerə

Otur nehrə çalxamağa

Yəni bir nehrə tutsun, gözlə. İndi korrupsiyaya qarşı mübarizə aparmaq, gündə əsasnamələr qəbul etmək, idarələr yaratmaq, Cinayət Məcəlləsinə təzə bölmələr qoymaq lazım deyil. Sadəcə, o korrupsiyanı törətməmək lazımdır. Bunu da kim törədir? Hakimiyyət. Başdan ayağa kimi hamısı korrupsiya ilə məğuldurlar. Hara baxırsan, korrupsiyadır. Qərarlar qəbul etməklə, bu korrupsiyanın qarşısını almaq mümkün olmayacaq. Birinci siyasi iradə olmalıdır ki, korrupsiyanın qarşısı alınsın. A kişi, fəhlə, kəndli korrupsiya ilə məşğul olmur ki. İşləyən var ki?! Dövlətin maliyyə bazası kimin əlindədir? Baxın, banklarda nələr baş verir. Bu gün də onların baş verməsi davam edir. Baxın, ev tikən şirkətlər nə işlərlə məğuldur. Orada zərərçəkənlərin sayına baxın. Bir cinayət iş üzrə 2000 zərərçəkən var. Hansı ki, Ermənistanda, Gürcüstanda, Rusiyada il boyu baş verən cinayətlərdə o qədər zərərçəkən yoxdur. Buna düşünülmüş şəkildə imkan yaradırlar. Arkadi Raqin deyirdi ki, suyu buraxırıq evlərə, sonra da qışqırmağa başlayırıq ki, vay, gəlin, su basdı. Suyu buraxma da, krantı bağla, su hər yeri basmasın. Sonra qışqırmaqla öhdəsindən gəlmək olmaz”,-deyə hüquqşünas vurğuladı.

“Xaricə milyonlarla, milyardlarla pul göndərənlər bəllidir”

Səfərov onu da qeyd etdi ki, beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyanın baş alıb getdiyini bilirlər: “Onlar dəfələrlə məcbur edirlər ki, korrupsiya aradan qaldırılsın, terrorizmin maliyyələşməsinin qarşısı alınsın. Azərbaycan insanı pul tapır ki, hələ terrorzimi maliyyələşdirsin. Terrorizimi maliyyələşdirənlər də, xaricə milyonlarla, milyardlarla pul göndərənlər də bəllidir. Mən bilirəm ki, o əsasnamə də xaricin tələbi altında qəbul olunub. Onlar deyirlər ki, iri miqyaslı pulların ölkədən çıxarılmasının və yaxud maliyyə resursalarının ayrı dövlət təşkilatları arasındakı gedişini-gəlişini nəzarət altında saxlamaq lazımdır”.

“Banklar xaricə ofşor banklara köçürülmüş milyardlara niyə nəzarət həyata keçirmir?”

“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətlərinin artırılmasının arxasında korrupsioner, oliqarx məmurların “vurulması” planı dayana bilərmi” sualına N. Səfərov belə cavab verdi: “Yox, qətiyyən məqsəd o deyil. Korrupsioner məmurların kim olduğu və onların əldə etdiyi milyonların hara axdığı da hamımıza bəllidir. İstəsələr, onların bu gün hamısını “dama” basmaq olar. O korrusioner məmurlar ki Milli Məclisdə oturublar, həm də bizneslə məşğul olurlar, onların adlarına banklardan milyonlarla, hətta 1 milyardı aşan pullar götürüblər. Onların heç birinə “gözün üstə qaşın var” deyən yoxdur. Onları axtarıb deyən yoxdur ki, bu pulları neynəmisən? Bir neçə gün öncə, vətəndaş gedib 10 manat “Kapital Bank”a pul köçürmək istəyir ki, məhkəmə qərarını əldə etsin. Ona deyirlər ki, sənin şəxsiyyət vəsiqənin vaxtı keçib. Şəxsiyyət vəsiqəsi almamış heç kimin pulunu xaricə köçürümürlər. Sən vətəndaşın köçürdüyü 10, 50 və yaxud 500 manata nəzarət edirsən. Bəs, banklar xaricə ofşor banklara köçürülmüş milyardlara niyə nəzarət həyata keçirmir? Əksinə həmin pulları banklar özləri köçürürlər. “Beynəlxalq Bank”dan və digər banklardan nə qədər ofşor şirkətlərə pulların köçürüldüyü məlumdur. Bunun statistikasını aparmaq lazım deyil. Çünki onları heç “dama” da qoymayacaqlar. Ona görə ki, hakimiyyətlə bağlıdır”.

  Hurriyyet.org






Fikirlər