ZƏLZƏLƏ ZAMANI əgər, evdəsinizsə... - ARAŞDIRMA ...

eger-evdesinizse-arashdirma

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində 5,6 bal gücündə zəlzələ baş verib. 68 km dərinlikdə baş verən təkanlar Bakıda və bir sıra şəhərlərdə də hiss olunub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib. Lakin, insanlar yenidən güclü zəlzələnin olacağından ehtiyatlanır. Zəlzələlərin harada baş verə biləcəyini bilmək mümkün olsa da, lakin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq hələ də çətindir.

Bəs, güclü zəlzələ baş verən zaman hansı addımlar atılmalıdır?

İlk növbədə zəlzələni hiss etdiyiniz zaman təşvişə düşməməlisiniz. Əgər, zəlzələ zamanı binanı 10-15 saniyə ərzində tərk etməyiniz mümkün deyilsə, evdə qalmağınız və təhlükəsiz yerə keçməyiniz məsləhət görülür. Bu zaman diz üstə çökməli və ya böyrü üstə uzanaraq ayaqlarınızı büküb əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunmalısınız. Yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın. Əgər evdən çıxmaq imkanınız varsa, qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürərərək, özünüzlə ehtiyat çantası və mobil telefonunuzu götürün. Binadan çıxarkən liftdən istifadə etməyin həmçinin, təşvişə düşərək, yüksək mərtəbədən tullanmayın. Binanı tərk etdikdən sonra, açıq və təhlükəsiz yerdə dayanın.

Məsələ ilə bağlı “İki sahil”ə danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirdi ki, təbii fəlakətlərdən o cümlədən, zəlzələdən yüz faiz sığortalanmaq mümkün deyil. 

Zəlzələ zamanı ilk növbədə...

Onun sözlərinə görə, belə hadisələrdən yalnız önləyici tədbirlər görərək minimal zərərlə qurtulmaq mümkündür: “Hər bir şəxs zəlzələ və ya digər fövqəladə hadisələr baş verdiyi zaman hansı təhlükəsizlik qaydalarına əməl etməli olduğu haqda ilkin biliklərə sahib olmalıdır. Zəlzələ zamanı ilk növbədə təlaşlanmaq lazım deyil. Əgər, hadisə baş verərkən evdəsinizsə, bu zaman öncədən müəyyən edilmiş - qapı arakəsmələri, şkafın yaxud yatağın yanına sığınaraq titrəyişlərin bitməsini gözləmək lazımdır”. 

Ekspert xüsusilə qeyd edib ki, təkanlar zamanı çöldəyiksə, bu zaman mütləq yüngül konstruksiyalardan, dağılma və uçma təhlükəsi olan avadanlıq və qurğulardan uzaq durmaq lazımdır:

Hər kəsin evində mütləq təhlükəsizlik çantası olmalıdır

“Əgər nəqliyyat vasitəsindəsinizsə, avtomobili təhlükəsiz yerə kənara çəkməlisiz. Bəzən zəlzələ zamanı insanlar maşınları ilə küçələrə axışaraq yolun hərəkət hissələrini bağlayırlar. Belə olan halda kiminsə yardıma ehtiyacı olarsa, onlar köməyə gələn nəqliyyat vasitələrinin ünvana vaxtında çatmasına mane ola bilərlər. Bu cür hadisələr zamanı tez bir zamanda evi tərk etmək üçün hər kəsin evində öncədən hazırlanmış təhlükəsizlik çantası mütləq olmalıdır. Təhlükəsizlik çantasına qida vasitələri, sənədlər, fanar, fit, pul kimi digər vacib vasitələr qoyulmalıdır”.

Sayalı Abasova






Fikirlər