Avtobus və metroda güzəşt ola bilər - Bu şəxslərə gediş kartları veriləcək...

Avtobus və metroda güzəşt ola bilər - Bu şəxslərə gediş kartları veriləcək

Dünyanın müxtəlif ölkələrində tələbələr və ahıllar üçün ictimai nəqliyyatdan istifadə ilə bağlı güzəşt limitlərini əhatə edən kartlar mövcuddur. Beləliklə, bu kateqoriyadan olan şəxslər bəzi hallarda ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Hətta bəzi ölkələrdə tələbələrə təyyarədə, dəmir yolunda əlli faiz güzəşt tətbiq olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, belə müsbət təcrübələrin Azərbaycanda tələbələrə və ahıl insanlara şamil olunması daha məqbul olar:

“Çünki ölkəmizdə yaşlı insanların qayğıya ciddi ehtiyacı var. Bu kateqoriyadan olan insanlar aldıqları pensiyalarla ehtiyaclarını qarşılaya bilmir. Eyni zamanda tələbələrin də belə bir dəstəyə ciddi ehtiyacı mövcuddur”.

Partiya sədri hesab edir ki, gənclər daha çox dinamikdir, müxtəlif yerlərə, tədbirlərə, kitabxanalara gedir:

“Bu zaman isə onlar metrodan və digər ictimai nəqliyyat növlərindən gün ərzində daha çox istifadə edirlər. Hətta bəzi tələbələr təhsil aldıqları müəssisəyə gəlmək üçün üç marşurut dəyişməli olur. Bu da sözsüz ki, tələbələrin büdcəsi üçün yükə çevrilir. Ahıl insanların da xəstəxanalara, parka, nəvələrinin görüşünə və hansısa işinin arxasınca gedən zaman ictimai nəqliyyatdan güzəştlə istifadəsi daha məqbuldur”.

Razi Nurullayev bunun üçün həmin kateqoriyadan olan insanlara güzəştli gediş kartlarının verilməsinin məqsədə uyğun olduğunu söyləyib:

“Bu güzəştli kartlar aylıq və illik olaraq hesablanaraq dövlət büdcəsindən həmin şirkətlərin hesabına qaytarıla bilər. Ona görə də, Azərbaycanda məhz dünyada mövcud olan bu qabaqcıl təcrübənin tətbiqi müsbət addım olardı”.

 






Fikirlər