Ekspert həyəcan təbili çalır

Nüsrət İbrahimov: "Şəhərin mərkəzindəki əksər binalar uçacaq"
Ekspert həyəcan təbili çalır

«Bakıda əhalinin 70%-i 30 və daha çox il bundan əvvəl tikilmiş binalarda yaşayır». Bunu MBA Konsultinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
İbrahimov daha sonra deyib: «Bu binaların əksəriyyəti fiziki cəhətdən «əldən düşüb» və insanları oradan köçürmək lazımdır. Təhlükə bundadır ki, yeraltı təkanlar və ya zəlzələ baş verərsə, o binalar uçacaq. Belə binalar müasir yanğından mühafizə və texniki təhlükəsizlik standartlarına cavab vermir. Bunları nəzərə alaraq, hesab edirəm ki, şəhər kənarında geniş tikintiyə başlamaq lazımdır. Bakının mərkəzindəki köhnə binalarda yaşayan insanlar da oraya köçürülməlidirlər.
Bununla iki nəticəyə gələ bilərik: birincisi, insanları daha təhlükəsiz yerlərə köçürərik, ikincisi də şəhərin mərkəzini «yüngülləşdirərik». Yeri gəlmişkən, hökumət də bunu anlayaraq bu sahədə iş aparır».
İbrahimov qeyd edib ki, evlərdəki əsas təhlükə başlıca olaraq onlarda isitmə sisteminin olmaması ilə bağlıdır: «İnsanlar mənzillərini qızdırmaq üçün müxtəlif üsullara əl atırlar, bu da onların həyatı üçün təhlükə törədir. Evlərdə partlayış təhlükəsi artır. İnsanlar özlərini təhlükədən qorumaq üçün qeyri-standart qızdırıcı cihazların texniki xarakteristikasını yaxşı öyrənməlidirlər».
Ekspert həmçinin qeyd edib ki, evlərin pasportlaşdırılmasını da vacib hesab edir: "Bu məsələləri həll etməklə vətəndaşlarımızın təhlükəsizliyini təmin etmiş olacağıq".






Fikirlər