Qisasçılıq vəd edən MÜXALİF qüvvələr...

“Linç etmək kimi mesajları yazan, dilinə gətirən hansısa müxalifətçi təmsil olunduğu düşərgəyə çox böyük pislik etmiş olur”

Sosial şəbəkələrdə müxalifəti təmsil edən bir sıra şəxslərin hakimiyyətə gələcəkləri halda nələr edəcəkləri haqda ara-sıra yazıları müşahidə olunur. Onların sırasında normal yanaşma tərzi ilə seçilənlərlə yanaşı heyrət yaradanları da olur. Məsələn, bir görürsən tanınmış müxalifət partiyalarının üzvləri sosial şəbəkədə “hakimiyyət dəyişəcəyi halda korrupsioner məmurlar linç ediləcək, biz iqtidara gələndə bu məmurları xalqın linç etməsindən qoruya bilməyəcəyik” və bu kimi qorxu saçan statuslar yazırlar, şərhlər verirlər.

Bu tipli yanaşmanı  özünü hakimiyyətə alternativ kimi təqdim edən qüvvələrin sıralarında olan şəxslər ortaya qoyanda heyrətlənməmək mümkün deyil. Belə yanaşma tərzi ilə onlar nə etdiklərinin fərqindədirlərmi? Qisasçılıq hissi ilə yaşayan qüvvəyə xalqın və beynəlxalq güclərin münasibəti necə ola bilər?

Politoloq Natiq Miri “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qisas xarakterli bəyanatların, mesajların yazılması, səsləndirilməsi nə siyasi, nə əxlaqi, nə də hüquqi cəhətdən doğru deyil. Çünki müxalifətdə olan hər bir siyasətçi və ya siyasi partiya hakimiyyətdən daha demokratik olduğunu ictimaiyyətə daim aşılamalıdır: “Müxalifət demokratiya, insan haqları və digər məsələlərdə hakimiyyətdən öndə sayırsa, hakimiyyətə gələcəkləri halda qisasçılıq edəcəklərsə, zamanında onların hüquqlarını pozmuş hakimiyyət təmsilçilərini linç edəcəklərsə onda hansı demokratiyadan, hansı hüquqdan söhbət gedə bilər? Hakimiyyətə iddialı olan siyasi qüvvə mövcud hakimiyyətdən müsbət mənada fərqli olduqlarını ortaya qoymalıdırlar ki, xalq onların fərqli olduğunu görsün. Yoxsa ki, qisas xarakterli açıqlamalar veriləcəksə insanlar əmin olacaq ki, bu siyasi qüvvələr də hakimiyyətə gələrsə qanunlar ayaq altına atılacaq, zorakı siyasi xətt yürüdüləcək. Belə olduğu halda təbii ki, xalq belə qüvvənin hakimiyyətə gəlişini istəməz və onun arxasınca getməz. Müsbət dəyişiklik olmayacağı təqdirdə xalq niyə hakimiyyət dəyişikliyini istəməlidir? Əlbəttə ki, istəməyəcək. Xalqda haqlı olaraq sual yaranacaq ki, əgər siz linçi, qisasçılığı doğru sayırsınızsa və hüququ asanlıqla gözardı edə bilirsinizsə, siz bəri başdan özünüzü anti-demokratik hakimiyyətlə eyniləşdirirsiniz”.

Image result for Politoloq Natiq Miri

Politoloq hesab edir ki, ikinci önəmli məsələ o cür linç xəbərdarlıqlarının, hədələrinin beynəlxalq aləmdə, Azərbaycanda demokratiya və insan hüquqlarının normal şəkildə olmasını istəyən beynəlxalq dairələrdə yaradacağı reaksiyadır, rəydir.

“Hakimiyyətə gələndə filankəsləri linç edəcəyik, filan qisası alacağıq” kimi hədə xarakterli mesajlar, statuslar yazan müxalifət qüvvələrinin nəyə kökləndiyini, hansı hisslərlə yaşadıqlarını görən həmin beynəlxalq dairələr fikirlərindən keçirdisə belə artıq bundan sonra həmin müxalifətçilərin olduğu düşərgəyə heç zaman dəstək verməzlər. Qisasçılıq hissi ilə yüklənən siyasi zehniyyətin ölkəni ciddi problemlərlə üz-üzə qoymaq riskinin böyük olduğunu görən heç bir beynəlxalq güc bu zehniyyətin iqtidara gəlməsini istəməz. Düşünəcəklər ki, bunlar gəlincə, elə hər necə olsa da indiki iqtidarın qalması məqbuldur. Qisasçılıq, linç etmək kimi mesajları yazan, dilinə gətirən hansısa müxalifətçi təmsil olunduğu düşərgəyə bu baxımdan da çox böyük pislik etmiş olur. Beynəlxalq dairələrdə müxalifət haqqında çox mənfi rəy formalaşdırır. Etiraf etmək lazımdır ki, müasir dünyada Azərbaycan kimi ölkələrdə müxalifətin hakimiyyətə gəlməsi təkcə xalqın istəyi ilə deyil, həm də beynəlxalq güclərin istəyi ilə mümkün olur. Belə bir istəyin hansısa dairələrdə yaranması ehtimalının üstündən bəri başdan xətti çəkən isə belə çıxır ki, elə müxalifətçilərin özləri olurlar".

N.Miri qeyd etdi ki, hakimiyyətə alternativ olduqlarını iddia edən qüvvələr açıqlamalarında, yazılarında hər sözü ölçüb-biçməlidirlər. Özlərini demokratiya və insan hüquqlarını hər şeydən öncə tutacaq qüvvə kimi təqdim etməlidirlər. Əks halda beynəlxalq səviyyədə seçim yenə də hakimiyyətin xeyrinə olacaq. Çünki hakimiyyət ən azı beynəlxalq güclər tərəfindən bəlli olan bir siyasi sistemdir.






Fikirlər