“Tanınmış cütlüklər” - Arif Alışanov və Mehriban Alışanova
Beləliklə, rubrikamıza Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Arif Alışanov və xanımı Mehriban Alışanova ilə başlayırıq.
Arif Nizam oğlu Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib.
Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.
1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.
28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
İqtisad elmləri namizədidir. Türk və rus dillərini bilir.
Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olan A.Alışanov bitərəfdir.
Televiziya və radionun inkişafındakı xidmətlərinə Arif Alışanov 2011-ci ildə ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban Nadir qızı Alışanova 1963-cü il fevral ayının 9-da anadan olub.
1986-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (Dövlət Neft Akademiyası) iqtisadiyyat fakültəsini bitirib. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1982-2003-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Şirkətində işləyib.
2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Milli Televiziya və Radio Şurasına vəzifəyə təyin edilib və həmin ildən 2007-ci ilədək Sədr müavini vəzifəsində çalışıb.
19 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının auditoru təyin edilib.
A.Alışanova hazırda da Hesablama Palatasının 5 auditorundan biridir.
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Arif və Mehriban Alışanovların 3 övladı var.