Sabah Bakıda ilk dəfə Formula 1 üzrə Avropa Qran Prisinə start veriləcək. Paytaxtın mərkəzi küçələrində təşkil olunacaq Qran-Pridə avtomobillər Hökumət Evinin qarşısından Qız Qalası, İçəri Şəhər və “Azneft” dairəsindən keçməklə, saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.
Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Onların arasında 5 dünya çempionu - Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton da var. Alonso həm də Avropa Qran Prisinin səfiridir.
Proqrama əsasən, sabah pilotlar yarış məkanını praktiki sınaqdan çıxaracaqlar. İyunun 18-də saat 17:00-da təsnifat yarışı olacaq. İyunun 19-da eyni saatda isə Avropa Qran Prisinin əsas yarışı baş tutacaq.
Bakıdakı Avropa Qran Prisi ən sürətli yarış kimi tarixə düşə bilər. Bu, “Azneft” dairəsindən Hökumət Evi istiqamətində olan 2,1 km-lik hissədə pilotlardan birinin sürəti 340 km/saata yüksəldəcəyi halda baş verəcək. İlk 7 Qran-Pridən sonra almaniyalı Niko Rosberq ("Mercedes") pilotların mübarizəsində 116 xalla liderdir. Onu 107 xalla böyük britaniyalı komanda yoldaşı Lüis Hemilton və 78 xalla daha bir almaniyalı Sebastyan Fettel ("Ferrari") izləyir. Avtomobillərin sıralamasında isə "Mercedes" 223 xalla 1-ci, "Ferrari" 147 xalla 2-ci, "Red Bull" isə 130 xalla 3-cüdür.
Hazırda bütün işlər tamamlanıb və Bakı yarış saatını gözləyir. Yarışlara görə, bir neçə əsas yol və küçələr sakinlərin üzünə qapalıdır. Dənizkənarı Milli Parka girmək artıq mümkün deyil. Çünki iyunun 16-dan etibarən park, bileti və ya xüsusi akkreditə kartı olmayanların üzünə qapalıdır. Dənizkənarı Milli Parka giriş ayın 21-də bərpa ediləcək.
Musavat.com-un əməkdaşı paytaxtdakı son durumla maraqlanmaq üçün yarış halqası boyunca hərəkət edərək, müşahidə aparıb. Ərazi xüsusi metal panellərlə qapadılıb. Yeraltı keçidlərə giriş məhdudlaşıb. Ərazi polis nəzarətindədir.
Piyadalar üçün xüsusi yollar ayrılıb. Könüllülər yarış halqası boyunca hər tərəfə səpələnib. Bakı sakinləri imkan tapdıqları yerdən məşq edən Formula 1 iştirakçılarını izləyirlər. Sabahdan bu da mümkün olmayacaq. Çünki yarış pistini xüsusi, hündür, qalın və digər tərəfi görünməz olan baryerlərlə qapadırlar.
Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər (1),ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və ona yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunub. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola bilərlər.