“Tezliklə görəcəksiniz nə qədər avtobus sürücüsü CƏZALANDIRILIB”
Bakı şəhərində avtobusların tez-tez yol hərəkəti qaydalarını pozduğunun şahidi oluruq. Hamıda belə bir təəssürat yaranır ki, Yol Polisi Xidməti əməkdaşları avtobus sürücülərinin törətdikləri qayda pozuntularını görməzdən gəlirlər. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, paytaxt əhalisinin narahatçılığı əsassızdır. “İlin yekunlarına dair göstəricələrimiz hazır olanda hər kəs görəcək ki, nə qədər avtobus sürücüsünə inzibati protokol yazılır, cərimə meydançasına yerləşdirilir, sürücülük hüququndan məhrum olurlar. Əgər yol polisi avtobusların qayda pozuntularına göz yumursa, bu cərimələr, protokollar necə toplanır? Bu mentalitetimizlə bağlı olan məsələlərdir. Kimsə səhlənkarlıq edib üzünü başqa yönə çevirirsə bu o demək deyil ki, bütün yol polis əməkdaşları belə edir. Mən xidməti avtomobilimlə getdiyim zaman görürəm ki, hansısa avtobus qayda pozuntusu edir və mən hərəkətimə davam edirəm. Bu o demək deyil ki, o qayda pozuntusuna göz yumuram. Mən gördüyüm qayda pozuntusu ilə bağlı həmin ərazidə olan YPX əməkdaşlarına məlumat verirəm. İndiki dövrdə Bakı şəhərindəki sərnişindaşımada iştirak edən avtobus sürücüsünü saxlayıb yerində protokol yazmaq avtobusdakı sərnişinləri narahat etmək deməkdir. Biz sivil bir ölkədə yaşayırıq. Hər sözdə deyirik ki, Azərbaycan tolerant ölkədir, göstəricilərimiz yüksəkdir, Avropaya inteqrasiya etmişik. Bəli, bunlar həqiqətən də belədir. Bakı şəhərinin demək olar ki, hər tərəfində kameralar var. Bu kameraların köməyi ilə həm asayiş qorunur, həm də təhlükəsizliyin təmin edilməsi tədbirləri görülür. Belə bir fakt olduğu halda istər avtobus sürücüsü olsun, istərsə də sükan arxasında olan başqa bir şəxs, aşkar edib məsuliyyətə cəlb etmək çox asan məsələdir. Heç kimin narahatçılığına səbəb yoxdur. YPX öz işini yüksək səviyyədə görür. Mən başa düşürəm, hamı vətəndaş olaraq qeyri-obyektivlik, qeyri-səmimi faktlar görəndə narahatçılıq keçirir. Ancaq YPX qanun pozan hər bir sürücünü kimliyindən aslı olmayaraq cəzalandırır”.
Bir protokolu yazmaq ən azı 4-5 dəqiqə çəkir, sürücü sənədləri təqdim etməsə və yaxud o, kiməsə zəng etsə, 8-10 dəqiqə vaxt gedir. Bu da avtobusdakı sərnişinlərin narahatçılığına, narazılığına səbəb olur.