Sabiq nazir sübut videosu yaydı, polkovnik DANIŞDI- VİDEO

Tofiq müəllim adi vətəndaş deyil, səfir rütbəsi daşıyan şəxsdir, əgər o, bizim idarəmizə yaxınlaşsaydı, sözsüz ki, onu yüksək səviyyədə qarşılayar, avtomobilinin nə üçün cərimə meydançasına aparılması ilə bağlı bütün suallarını cavablandırardıq.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı Axar.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. V.Əsədov qeyd edib ki, Yol Hərəkəti haqqında qanunun tələbi pozulub, ona görə də sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb:

“Qanunda da qeyd olunur ki, kimliyindən asılı olmayaraq, hər kəs törətdiyi xəta ilə əlaqədar məsuliyyətə cəlb edilməlidir. Tofiq müəllim qaydanı pozduğunu etiraf etmir. Mən bunu qəbul edirəm və təbii hesab edirəm. Eşitdiyimə görə, hadisə ilə bağlı video da yayıb. Ancaq bizdə də yol boyu onun törətdiyi xəta ilə əlaqədar müəyyən sujetlər var. Çox təəssüf ki, hörmətli Tofiq bəy belə düşünür. Ancaq çox istərdim ki, o, idarəmizə buyursun, mən ona açıqlama verməyə hazıram”.

V.Əsədov Tofiq Zülfüqarovun bu məsələni nə üçün ictimailəşdirdiyini anlaya bilmədiyini deyib:

“Bizim mentalitetimizdə belə bir xüsusiyyət var ki, törətdiyimiz xətanı boynumuzdan atmağa çalışırıq. Təbii, sürücü hesab edir ki, Yol Hərəkəti haqqında qanunun tələbi pozulmayıb. Biz hər zaman bu cür vətəndaşlarımıza özümüzü sevdirməyə çalışırıq. Çünki Tofiq bəy çox hörmətli, tanınmış bir şəxsdir, vaxtilə mühüm xidmətləri olub”.

Qeyd edək ki, bu gün Tofiq Zülfüqarov sosial şəbəkədə avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbər yayıb. Sabiq nazir bildirib ki, 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün cəzalandırılıb. Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması hadisəsi ilə bağlı Lent.az-a açıqlamasında Tofiq Zülfüqarovun avtomobilinin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib.

 

 






Fikirlər