“Lada” Azərbaycanda satışını 86% AZALDIB
2017-ci ilin birinci rübündə Rusiyanın “Lada” markalı avtomobillərinin Avropa ölkələrinə ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 102% artaraq 1664 ədəd təşkil edib. “APA-Economics” “AvtoVAZ” konserninin hesabatına istinadən xəbər verir ki, rüb ərzində bu avtomobillərin qeydiyyatı 79% artaraq 1344 ədədə çatıb. Avropada daha böyük tələbat “Lada 4×4″ modelinə yaranıb. Həmçinin, “Lada Vesta”nın satışlarına başlanılıb. Bu ilin fevral ayından “Vesta” Almaniya və Macarıstana, martından isə Avstriya və Bolqarıstana ixrac olunmağa başlanıb. İlk rübdə “AvtoVAZ” Qazaxıstanda satışlarını 31% azaldıb. Beləliklə, konsernin Qazaxıstan bazarındakı payı 16,6%-ə enib. Azərbaycanda isə “Lada”nın satışları 86% azalıb. Rusiya şirkət Ukraynadakı satışlarını 66% artıraraq rüb ərzində 16460 ədəd avtomobil sata bilib. Belarusda isə “Lada” satışlarını 4% artırıb və bazar payını 11%-ə çatdırıb. Qeyd edək ki, “AvtoVAZ” bu il ixracı 50% artırmağı planlaşdırır.