Bakının çökəklikində “BATAN” avtomobil bazarı - FOTOLAR

Azərbaycana gətirilən avtomobillərə tətbiq edilən idxal gömrük rüsumu 2018-ci il yanvar ayının 1-dən dəyişəcək. 
BakuPost.az xəbər verir ki, ekspertlərin fikrincə, bu tətbiqin həyata keçirilməsi avtomobillərin satışına təsir edəcək.
Vəziyyəti öyrənmək üçün Yeniçağ.az saytının əməkdaşları Bakının Badamdar qəsəbəsində yerləşən, daha çox ikinci əl avtomobillərin satıldığı avtomobil bazarına üz tutub.
Əvvəllər giriş qapısında adamın üstünə "hücum çəkən” alverçiləri görərdik. İndi isə bazarda seyrəklik müşahidə olunur. Həm alıcı sayında, həm də avtomobil çeşidlərində monotonluq onu deməyə əsas verir ki, bazarda sükunət hələ də davam edir. Elə bir vəziyyət yaranıb ki, içəri daxil olarkən, "bazar olsun” deməyə adam tapmırsan. Qısacası, müşahidələrimiz zamanı bu nəticəyə gəlmək olar ki, avtomobil bazarının üstünü "qara buludlar” alıb.
Bazarda daha çox Yaponiya, Almaniya və Rusiya istehsalı olan "Toyota”, "Mercedes”, "BMW”, "Niva” markalı avtomobillər üstünlük təşkil edir. Son zamanlar daha çox gənclərin sürdüyü "Niva”markalı avtomobillər alıcıların sayından qat-qat çoxdur. Bu, həm sözügedən avtomobilin dözümlülüyü, həm də dağ rayonlarında da istifadə edilməsi ilə əlaqədardır. Məhz bu səbəbdən onların qiyməti olduqca bahadır: təqribən 12-16 min manat arasında dəyişir.
"Avtomobil bazarı"ndakı avtomobil mərkəzlərindən birinin rəhbəri Fuad Əliyev 33 ildir ki, bu işlə məşğuldur və dediyinə görə, inflyasiyadan sonra bazar çöküb. "Əvvəlki alıcı olmadığına görə, avtomobil satmaq çətindir. Gələn ilin əvvəlindən avtomaşınların qiyməti arta da bilər, azala da… Salonumuzda avtomobil çeşidləri çoxdur. Məsələn, "Jeep Wrangler” (dizel motor) qiyməti 36 min dollardır. Rüsumun tətbiqindən sonra həmin avtomaşının qiyməti enib 30 min, qalxıb, 50 min də ola bilər. Hər iki ehtimal bizim cibimizə ziyandır. Əgər həmin avtomobilin qiyməti qalxsa, onu alan olmayacaq.
Həmçinin, avronun, dolların qiymətinin tez-tez dəyişməsi də bazara təsir göstərir. Almaniyada 12-13 avroya satılan avtomobili Bakıya gətirəndə qiyməti 28-30 minə çıxır. Əvvəllər camaat Almaniyadan avtomobil alırdı. İndi isə ora avtomobil satmağa gedirlər. Özünüz də müşahidə etsəniz, görərsiniz ki, əvvəllər bazarda adam əlindən tərpənmək olmurdu, indi kimisə görəndə sevinirik. Buna görə də rüsum tətbiq edilərkən, əhalinin yalnız yüksək təbəqəsini deyil, aşağı təbəqəsini də nəzərə almaq lazımdır”.
Beləcə, avtomaşın bazarında keçirdiyimiz iki-üç saat nəticəsində o qənaətə gəldik ki, inflyasiyanın olması, benzinin qiymətinin artmasından sonra heç kim daxili gömrük rüsumunun artırılmasının tərəfdarı deyil. Satıcı və alıcıların fikrincə, gələn ilin əvvəlindən bu rüsumun artırılması avtomobil bazarının çökməsi deməkdir.
 






Fikirlər