BAKIDA PARKOMOTLAR LƏĞV edilir - PULU belə ödəyəcəyik
Bakıda bu gündən etibarən parkomatların ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb. Bu barədə sosial şəbəkədə yazan jurnalist Mahir Məmmədli bildirib ki, hazırda parkinq nəzarətçilərinə balaca elektron cihazlar verilib: “Maşın dayanan kimi aparata daxil edilir və mərkəzi sistemə məlumat ötürülür. Məsələn, əvvəl yarım saatlıq dayanıb 1 saat sonra gəlmək olurdu. Amma indi sistem onu borc kimi hesablayacaq və ödəməyənlər cərimə olunacaq. Ödənilən pulu da nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq”. Qeyd edək ki, belə bir məlumatın yayılması və cərimə məsələsinin ortaya çıxması sürücüləri narahat edib. “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb. O bildirib ki, yayılan məlumatdan xəbərdardır və onu aydınlaşdırmağa çalışıb: “Məlum oldu ki, bu, bir test sınağıdır. Qanuna əsasən bütün parklanma təsərrüfatı hazırda Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Gələcəkdə isə yeni dəyişikliyiə əsasən üç ay ərzində parklanma təsərrüfatı Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməlidir.”Yol hərəkəti haqqında” qanunun 53- cü maddəsi, İnzibati Xətalar Məcəlləsinin 127-2 -ci maddəsində göstərilir ki, bütün parklanma yerləri Dövlət Yol Polisinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan və daxil olan nəqliyyat vasitəsinin daxil olma vaxtını, ödənişin edilib-edilmədiyi məsələsini, orda qalma müddətini qeydə almanı online şəkildə mərkəzi informasiya sisteminə ötürən xüsusi texniki vasitələrlə təmin olunmalıdır. Bunların olması üçün birinci növbədə, parklanma zolaqları olmalıdır. Nazirlər Kabinetinə ötən ildən 3 mühüm sənədin təsdiq olunması barədə göstəriş verilib. Bunlar “Parklanma yerlərindən istifadə qaydası”, “Parklanma yerlərində parklanmaya görə ödənişin məbləğinin müəyyən olunması”, “Parklanma yerlərinin yaxınlığında yaşayan insanlar üçün pulsuz parklanmaya icazə verən xüsusi talonların verilməsi” sənədləridir. Bu üç sənəd mövcud olmadığı halda kiminsə barəsində ödəniş etmədiyinə görə cərimə yazmaq olmaz. Hazırda görünən o qurğular test rejimindədir”. Onun sözlərinə görə, burada cərimədən söhbət gedə bilməz: “Çünki Dövlət Yol Polisi rəsmi şəkildə bildirir ki, bu məsələlərdən xəbəri yoxdur. Belə başa düşdüm ki, hələ ki, test işiylə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsi məşğul olur. Onlar hansısa özəl qurumu da bu işə cəlb edə bilərlər. Sürücülərin narahatlığına heç bir əsas yoxdur”. Ə. Hüseynov əlavə edib ki, ola bilsin ki, gələcəkdə parkomatlara da ehtiyac qalmasın: “Çünki həmin parkomatlar çox böyük istismar xərcləri tələb edir. Hazırkı durumda onlar özünü doğrultmayacaq. Gələcəkdə bu sistemi təkmilləşdirmək lazımdır”.