Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9 ünvanında nişanlamada səhvə yol verilib.
BakuPost-un məlumatına görə, prospektdə avtomobillərin dönməsi üçün nəzərdə tutulan ara yolda iki əks istiqamət üzrə dönmə işarələri qoyulub.
Həmin yerin avtomobillərin parklanması, yoxsa dönmə üçün nəzərdə tutulduğu anlaşılmır.
Nəqliyyat eksperti Ərşad Hüseynov BakuPost-a açıqlamasında deyib ki, belə yol nişanlaması ola bilməz: "Bu, sadəcə, əlinэ tabaşir keçmiş bir dəcəl uşağın asfaltda şəkil çəkməsinə bənzəyir. Belə yol hərəkətinin təşkili ola bilməz. Bu, ayrıcı zolağın ortasında kəsikdir, dönmə yeridir. Hətta orada sola da dönmək olar, hərəkətin təşkilinə baxır. Orada çox şey etmək olar, amma belə hərəkətin təşkili yoxdur. Orada standarta, qanuna uyğun heç nə yoxdur”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BakuPost-a bildirib ki, bu, nişanlanmada yol verilən səhvin nəticəsidir: "Artıq BNA tərəfindən məsələ nəzarətə götürülüb və aradan qaldırılması üçün tapşırıq verilib. Parklanma məsələsinə gəlincə, orada nəqliyyat vasitəsini saxlamaq qadağandır”.