Cəbrayıllıları təhqir etdiyi deyilən gənc danışdı: “O sözləri mən yazmamışam, amma yenə də üzr istəyirəm”
Dünən azərbaycanlı gəncin Cəbrayıllıları təhqir etməsi ilə bağlı xəbər vermişdik. Medianews.az xəbər verir ki, Nicat Paşayev adlı gənc feysbukda səhifələrin birində Cəbrayıl rayonu ilə paylaşılan videonun şərh bölməsində bu fikirləri yazmışdı: “Qarabağı alaq, amma Cəbrayıl qalsın. Oranın insanı ermənidən betərdi. O Xələfi stansiyası,Horovlu kəndi buraların adını çox eşitmişəm. Mənim keçmiş həyat yoldaşım o rayondan idi. 4 ildir uşaqlarıma həsrətəm. Bunlar erməni kimidi. Eynən ermənidi demək olar”.
Sözügedən gənc Nicat Paşayev redaksiyamıza zəng edərək məsələ ilə bağlı açıqlama verib. O bu fikirlərin ona aid olmadığını,feysbuk səhifəsinin oğurlandığını qeyd edib: “Mən Cəbrayıllıları təhqir etməmişəm. Mənim səhifəm 3 ay bundan öncə ələ keçirilib. Mən bununla bağlı polisə də müraciət etişəm. Mən Cəbrayılları necə təhqir edə bilərəm ki, mənim anam da Cəbrayıl rayonundandır. Bütün bunlara baxmayaraq mən Cəbrayıllılardan üzr istəyirəm”.