Maşınları əzən öküzün sahibini nə gözləyir?
Xəbər verdiyimiz kimi, dünən Ziya Bünyadov prospektində qəssabdan qaçan öküz xeyli müddət nəqliyyatın hərəkətini iflic edib və nəticə də bir neçə avtomobilə ziyan dəyib. Dəymiş ziyanın kimin tərəfindən ödənilməsi və kimin məsuliyyət daşımasını öyrənmək üçün nəqliyyat üzrə ekspert Elməddin Muradlıya müraciət etdik. Ekspert “Yeni Sabah”a açıqlamasında bildirdi ki, dəymiş ziyan heyvan sahibləri tərəfindən ödənilməlidir. “Baş vermiş hadisə yollarımızda tez-tez yaranan hal deyil, amma ara-sıra belə hadisələr baş verir. Nəqliyyat vasitəsinə zərər vuran tərəf, heyvan sahibləri qanunla məsuliyyət daşıyırlar. Yəni dəymiş zərəri heyvan sahibləri ödəməlidir. Deyək ki, yollarda mal-heyvanları sahibsiz buraxırlar, xüsusən rayon kəndlərində və hər hansı nəqliyyat hadisəsi baş verir. Köhnə təcrübəyə nəzər salsaq, görərik ki, əvvəllər heyvan sahibləri hadisədə əzilmiş və ya ölmüş mal-qaralarının pulunu sürücüdən istəyirdi. Amma get-gedə təbliğat işləri aparılaraq, məlum oldu ki, belə situasiyada günahkar mal-qaranı nıəzarətsiz qoyan şəxsdir. Mal-qaranı nəzarətsiz buraxan vətəndaşlar 40 azn cərimə olunmalıdır, ən yaxşı halda. Amma avftomobilə zərər dəyibsə, bu zərəri də mal-qara sahibləri ödəməlidirlər. Dünən baş vermiş hadisənin də səbəbi araşdırılamalıdır. Bu heyvanın sahibi kimdirsə, polis tərəfindən tapılmalı və həminb şəxs avtomobillərə dəymiş ziyanı ödəməlidir. Əgər heyvanın sahibi pulu ödəməkdən imtina edərsə, o zaman polis o şəxsi aşkarlayıb protokol yazmalıdır, 40 azn cərimə yazmalıdır və onun bir nüsxəsini də zəzərçəkən sürücüyə verməlidir. Sürücülər də onun əsasında heyvanın sahibini məhkəməyə verərək , dəymiş zərəri tələb edə bilərlər. Bunun başqa variantı yoxdur, qanun belə deyir. Mən deməzdim ki, heyvan sahibi qəsdən açıb buraxıb və belə xoşagəlməz hadisə baş verib. Amma baş veribsə də, bu ziyanı ödəmək onun borcudur”.