Bakı-Sumqayıt yolunda sərnişin avtobuslarının iştirakı ilə çoxsaylı yol nəqliyyat hadisəsi baş verir. Bir neçə gün əvvəl iki sərnişin avtobusunun bir-birilə toqquşması nəticəsində bu yolda növbəti tıxac yarandı. Bu cür hadisələr tıxacların yaranmasının əsas səbəblərindən biri olmaqla yanaşı, həm də sərnişinlərin həyatı üçün təhlükə mənbəyidir. Ekspert hesablamalarına görə, Sumqayıtdan Bakıya avtomobil nəqliyyatı ilə gələnlər gündəlik olaraq tıxaclarda 1 saat, ayda isə 24 saata yaxın vaxt itirilər. Beləliklə, ölkə üzrə tıxaclarda ən çox vaxt itkisi məhz Bakı-Sumqayıt yolunda qeydə alınır. Bu yolun yüklü olmasının əsas səbəblərindən biri kimi avtobus və özəl taksi ilə sərnişin daşınmalarının intensivliyi göstərilir. Bildiyimiz kimi, 2015-ci ildən Bakıdan Sumqayıta dəmir yolu ilə müntəzəm sərnişin daşınmaları həyata keçirilir. Bəs dəmir yolu məlum istiqamətdə olan sərnişin axınını tam şəkildə qəbul etmək potensialına malikdirmi?
Məsələni "Report”a şərh edən şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev burada geniş potensialın mövcud olduğunu, lakin bir sıra faktorların prosesi ləngitdiyini bildirib:
"Hal hazırdan Bakı-Biləcəri-Sumqayıt istiqamətində gedən qatarlar, təxminən, sutkada 8 000 sərnişini daşıyır. Onların əksəriyyəti pik saatlarda, yəni səhər və axşam gəlib-gedənlərdir. Lakin bu, o demək deyil ki, dəmir yolunun potensialı bununla da məhdudlaşır. Əvvəla ondan başlayaq ki, Sumqayıt dəmir yolu vağzalına şəhərin ayrı-ayrı yerlərindən çatmaq xeyli problemlidir. Belə ki, Sumqayıtın istənilən yerindən avtovağzala avtobusla getmək imkanı olsa da, dəmir yolu vağzalı istiqamətində cəmi 3 xətt fəaliyyət göstərir. Bu baxımdan əhalinin əhəmiyyətli hissəsi dəmir yolundan ya istifadə edə bilmir, ya da bunu müəyyən çətinliklərlə etməli olur.
Çünki heç də hamı dəmir yolu vağzalının yanında yaşamır və ora çatmaq üçün müəyyən məsafə qət etməli olurlar. Dəmir yolundan ən çox istifadə edənlərdən biri də Xırdalan sakinləridir. Xırdalan stansiyasının sərnişin daşınması baxımından nəhəng potensialı olsa da, Sumqayıtda olduğu kimi, burada də nəqliyyatın inteqrasiyasına ehtiyac var".
"Düşünürəm ki, dəmir yolu Abşeron yarımadasında şəhərətrafı qəsəbələri bir-birləri və paytaxtla birləşdirmək baxımından onurğa sütunu rolunu oynayan nəqliyyat vasitəsi olmalıdır"
"Lakin məhz Sumqayıt baxımından vəziyyət bir az daha yaxşılaşacaq. İlin sonuna kimi Sabunçu üzərindən də qatar işə düşəcək. Bununla da Sumqayıta qatar səfərləri iki dəfə daha çox olacaq. Qatarın əsas üstünlüyü ondan ibarətdir ki, o, sərnişinləri birbaşa mərkəzə gətirir. Bu faktora görə Sumqatın özündə belə çoxları rahatlıq baxımdan şəxsi nəqliyyat vasitələrini dəmir yolu vağzalında park edib məhz qatarla Bakıya çatmağa üstünlük verirlər. Hesab edirəm ki, Abşeron yarımadasında movcud olan və yenidən qurulan dəmir yolu infrastrukturu şəhərətrafı metro funksiyasını öz üzərinə götürə bilər. Dəmir yolu daşınmalarının yaxın gələcəkdə metronun aşağı interval, surət, münasiblik kimi özəlliklərini mənimsəmək üçün potensialı var. Müqayisə aparsaq, qatarların metrodan daha rahat olduğunu da görmək olar. Düşünürəm ki, dəmir yolu Abşeron yarımadasında şəhərətrafı qəsəbələri bir-birləri və paytaxtla birləşdirmək baxımından onurğa sütunu rolunu oynayan nəqliyyat vasitəsi olmalıdır. Bu, təkcə dəmir yolunun üzərinə düşən iş də deyil və bütövlükdə nəqliyat sisteminin inteqrasiyasını tələb edir. Bura yeni habların yaradılması, stansiyaların ətrafının inkişaf etdirilməsi və sair daxildir", - ekspert deyib.
Nəqliyyat eksperti Azər Allahverənov "Report"a açıqlamasında Bakı-Sumqayıt dəmir yolu xəttinin potensialından tam şəkildə isifadə edilmədiyini bildirib:
"Kifayət qədər Sumqayıt sakini Bakıda əmək fəaliyyəti ilə məşğuldur. Sumqayıtlılar arasında Bakıda təhsil alan çoxlu sayda tələbə var. Onlar gün ərzində Bakı-Sumqayıt arasında hərəktdə olurlar. Ən azından bu yol vasitəsilə daşınan sərnişinlərin say çoxluğunu nəzərə alan hökümət iki şəhər arasında sürətli qatar şəbəkəsini işə saldı. Belə ki, yolların yüklənməsi kifayət qədər çox idi və axını boluşdurməyə ehtiyac vardı. Əgər əvvəl Bakıya gəlmək istəyənlər 20 Yanvara gəlib oradan başqa bir nəqliyyat vasitəsinə, o cümlədən metrodan istifadə edərək şəhərin təhsil mərkəzləri yerləşən hissəsinə çatırdılarsa, dəmir yolu ilə sərnişin daşınmasının bərpası ilə birbaşa olaraq paytaxtın mərkəzində düşmək imkanı əldə edirlər.
Yəni burada axınların diferensiallaşdırılması konsepsiyası tətbiq edildi. Bu gün Bakı-Sumqayıt dəmir yolu xəttinin potensialından tam şəkildə isifadə edilmir və hələlik o tam gücü ilə işləyə bilmir. Burada müəyyən nüanslar sürətlə bağlıdır. Digər tərəfdən, əksər insanlar hələ də avtomobil nəqliyyatı ilə hərəkətə üstünlük verirlər. Burada söhbət əsas etibarı ilə avtobus və mikroavtobusların xidmətindən istifadədən gedir. Bəzi hallarda isə paytaxtla Sumqayıt arasında bir az ucuz qiymətə işləyən taksilərin də xidmətindən istifadə olunur".
"Xidmət yüksək səviyyədə təşkil edildikdə insanlar avtobuslardakı sərnişin sıxlığında hərəkət etmək yerinə sürət qatarında rahat şəkildə oturub "Wi-Fi"dan istifadə etməklə təhlükəsiz şəkildə hərəkəti seçəcəklər"
Ekspert hesab edir ki, Bakı-Sumqayıt sürət qatarı ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var:
"Maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var. Çünki insanlar bu nəqliyyat vasitəsindən daha məmnunluqla istifadə etməlidirlər. Xidmət keyfiyyətinin və çeşidinin artırılması istiqamətində işlər görülməlidir. Belə ki, xidmət yüksək səviyyədə təşkil edildikdə insanlar avtobuslardakı sərnişin sıxlığında hərəkət etmək yerinə sürət qatarında rahat şəkildə oturub "Wi-Fi"dan istifadə etməklə təhlükəsiz şəkildə hərəkəti seçəcəklər. Son bir ildə Bakı-Sumqayıt yolunda avtobusların da iştirakı ilə xeyli sayda qəzalar baş verib. Sürət qatarında bu tip potensial təhlükə isə yoxdur".
Xatırladaq ki, Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün 2015-ci ildə İsveçrənin "Stadler Rail Group" şirkətinin "KISS" markalı sürətli elektrik qatarları istismara verilib. Həmin şirkətin "Stadler Minsk" zavodunda istehsal olunmuş KISS markalı elektrik qatarlarının hər birində 4 vaqon var. İki mərtəbədən ibarət olan bu qatarların hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. Qatarların 1 vaqonu biznes sinfə aiddir ki, onun da 84 oturacağı var. Digər üç vaqon isə standart vaqonlardır. Əlil sərnişinlərin də qatarlardan rahat istifadə edə bilməsi üçün şərait yaradılıb.