KÖHNƏ MAŞINI olanların NƏZƏRİNƏ - Avtomobilin yenilənməsi üçün GÜZƏŞTLƏR olacaq - Rəsmi

Köhnə maşını olanların nəzərinə

Köhnə, yararsız avtomobillərin dövriyyədən çıxarılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən utilizasiya proqramı hazırlanır.

"AzerTaym.az" bildirir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev keçirdiyi mətbuat konfransında deyib. Nazir proqramın məqsədinin ekologiyanın yaxşılaşdırılması və yerli avtomobil istehsalını stimullaşdırmaq olduğunu bildirib. Əvvəlki illərə nisbətən avtomobil idxalının artdığını vurğulayan Muxtar Babayev, avtomobil parkının yenilənməsi üçün vergi, gömrük güzəştləri və subsidiyaların səmərəli ola biləcəyini qeyd edib.

Məsələ ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı "Lent.az" danışıb. Ekspert ölkədə avtomobil idxalının artmadığını deyərək, əksinə azaldığını bildirib:

“Əvvəlki illərə nisbətən idxal olunan maşınların sayının artması doğru deyil. Əvvəllər gətirilən maşınların sayı minlərlə hesablandığı halda, indi bu rəqəm yüzlərlə qeyd olunur. Heç gömrük rüsumları da buna imkan vermir. Rüsumlar heç olmasa 2017-ci ildəki kimi olsa, artım olar. Hazırda əhali elə daxili bazardakı avtomobilləri alıb-satır”.

Elməddin Muradlı mövzu ətrafında danışarkən dünya təcrübəsindən söz açaraq, Azərbaycanda da bunun mümkün olduğunu deyib:

Utilizasiya proqramına gəldikdə isə hələki proqram hazır deyil. Bunun üçün müəyyən bir MMC-yə vəsait ayrılıb ki, onlar hələ proqramı hazırlayır. Məsələn, Rusiyanın özünün geniş avtomobil sənayesi var. Köhnə avtomobilləri vətəndaşdan alır, yeni avtomobili ucuz qiymətə təklif edir. Azərbaycanda isə avtomobil sənayesi təzə başlayıb. Əslində bu da bir növ təklif kimi qəbul edilə bilər ki, bizdə də eyni proqram tətbiq olunsun. Utilizasiya deyəndə daha sınıq-salxaq, töküntü, qiyməti bir neçə yüz manata olan maşınların da əvəzinə yeni maşın verilməsini doğru hesab etmirəm. Hansı maşın ki, ili köhnədi, istismar olunur, atmosferə nisbətən artıq zəhər verir, ancaq bazar qiyməti 1500-2500 manatdırsa onların yenilənməsi doğru olar. Yoxsa metal alverində, zibil daşımaqda istifadə olunan maşınlar var. Dövlət onlara nə verməlidir ki? O maşınlar, ümumiyyətlə, istifadə olunmamalıdır. Həmin şəxslər o maşınlarla ancaq zibil daşıyır, özlərinin isə həyətdə saz maşını var. Proqramı hazırlayarkən də ictimai müzakirə aparılmalıdır. Yoxsa kiminsə kabinetində oturub proqram hazırlamağı düzgün deyil”.

İqtisadiyyat Nazirliyindən "Lent.az"ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması məqsədilə tender keçirilib, məsləhətçi şirkət cəlb olunub. Şirkət tərəfindən bu sahədə qanunvericiliyin, avtonəqliyyat vasitələri sahəsində mövcud vəziyyətin təhlili aparılıb və beynəlxalq təcrübə araşdırılmaqla müvafiq sənəd layihələri, o cümlədən proqram layihəsi hazırlanıb.

Hazırlanmış sənəd layihələri rəy və təkliflərin alınması üçün aidiyyəti qurumlara göndərilib. Rəy və təkliflər təqdim edildikdən sonra yekun sənəd hökümətə təqdim ediləcək.

Proqramın əsas məqsədi Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaqdır. Nazirlikdən bildirilib ki, layihədə köhnə avtomobillərini utilizasiyaya təqdim edən istehlakçılar üçün yerli istehsal olan yeni nəqliyyat vasitəsini alarkən müxtəlif güzəştlərin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda istifadədə olan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35 faizinin istehsal tarixi 10 ildən, 23 faizinin istehsal tarixi 20 ildən, daha 19,1 faizinin istehsal tarixi isə 30 ildən yuxarıdır.

 






Fikirlər