“Şəxsi avtomobillər dezinfeksiya olunsun” – Vacib təklif

“Şəxsi avtomobillər dezinfeksiya olunsun” – Vacib təklif

Hazırda koronavirus pandemiyası ilə bağlı bir çox ölkələrdə gigiyenik tədbirlər görülür, dezinfeskiya işləri aparılır. Bu virusun aşkarlandığı ölkələrdən olan Türkiyədə də əhaliyə şəxsi avtomobillərin dezinfeksiya edilməsi ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, xəbərdarlığa əməl etməyən sürücülər cərimələnəcəklər. 

Bəs ölkəmizdə vəziyyət necədir? Minik avtomobillərinin təmizliyi ilə bağlı sürücülərə xəbərdarlıq edilibmi? 

Məsələ ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, hələlik belə bir xəbərlıq olmayıb: “Bununla bağlı xəbərdarlıq olunmasa da, tövsiyələr var. İnsanların daha çox toxunduğu yerləri, əşyaları dezinfeksiya etsələr yaxşı olar. Amma inzibati qaydada bir xəbərdarlıq yoxdur ki, qaydalara əməl etməyənlər cəzalanmalıdır və s. Amma biz tövsiyyə edirik ki, insanlar öz şəxsi avtomobillərini dezinfeksiya etsinlər. Çünki avtomobillər virusun yayılmaq təhlükəsi olan vasitədir. Məsələn, qapı tutacaqları, sükan, ötürücü qutuları bunlar virus yuvasıdır. Şəxsi avtomobillərin təmizliyinə avtomobil sahibləri özləri riayət etməlidirlər. Məsələ burasındadır ki, aiddiyyatı qurumlar düzgün təbliğat aparsalar, insanlar buna inanıb, müəyyən addım ata bilərlər. Sadəcə, verilən göstərişlər tövsiyə xarakterli olduğu üçün insanlar bu məsələyə o qədər də ciddi yanaşmırlar. Hamı fikirləşir ki, öz avtomobilidir, ona heç bir zərəri yoxdur. Amma mütləq spirtlə və müxtəlif maddələrlə gigiyenik qaydalara əməl etməlidirlər. Xüsusilə taksi faəliyyəti ilə məşğul olan minik avtomobillərinin sürücüləri bu məsələyə ciddi yanaşmalıdırlar. Bununla yanaşı, sürcülərə yol da göstərmək lazımdır ki, bunu necə və harda etmək olar. Məsələn, avtoyuma məntəqələri bu işi üzərinə götürsə yaxşı olar. Avtomobillərini yumaq istəyən şəxslər həm də dezinfeksiya etmiş olarlar. Sadəcə bu təklifi irəli sürən yoxdur”.

 

Ekspert həmçinin qeyd edib ki, aidiyyatı qurumlar Nazirlər Kabinetinə müraciət edərsə, bu inzibati qaydada tətbiq oluna bilər: “Amma bir sual ortaya çıxır ki, bunu avtomobildə necə yoxlamaq olar? İnsanlar sadəcə bu məsələyə fərdi yanaşmalıdırlar. Piyadalara deyirsən ki, qırmızı işıqda keçmə, cərimə olunacaqsan, yenə keçir. Ona görə də sürücülər özlərində məsuliyyət hiss edib, gigiyenik qaydalara əməl etməlidirlər”. 

 

 

  






Fikirlər