Azərbaycanda maşından baha nömrələr - 30 min manat

Bəli, nömrə özümündür. Almaq istəsəniz, qiymətindən 300-500 keçərəm”.

 Bu sözləri adını çəkmək istəmədiyimiz saytlardan birində bahalı qiymətə nömrə satan Mübariz (şərti adı) deyir. Bu saytda onun kimi onlarla insan nömrə satır.

 Məsələn, 10-SR-777 8000 azn-ə, 10-HR-701 5000 azn-ə , 10-BT-100 23 800 azn-ə, 10-ZP-100 28 000 azn-ə təklif olunur. Bu siyahını uzada da bilərik. Lakin narahatlıq yaradan başqa məsələ diqqətimizi çəkdi: Qanunvericilikdə bu kimi hallara icazə verilirmi?

 Məsələ ilə bağlı danışan avtomobil eksperti Elməddin Muradlının sözlərinə görə, qanunvericilik vətəndaşların maşın nömrələri satmalarına icazə vermir:

 “Vətəndaşların avtomobillərin dövlət qeydiyyat nişanlarını satmağa ixtiyarı yoxdur. Qanunvericilik buna icazə vermir. Ona görə də avtomobil sahibləri nömrələri satmırlar. Ancaq bahalı nömrələri olanlar maşınlarını satarkən bəzən nömrələri satmırlar. Sonradan bu nömrəyə alıcı çıxsa, könüllü ərizə yazacaq ki, nömrəmin filankəsin adına keçməsinə razıyam. Həmin nömrəni daşıyacaq avtomobilin, eyni zamanda nömrəni daha öncə daşıyan avtomobilin də texniki pasportu olmalıdır. Bu baxımdan qanunvericilikdə boşluq var və hesab edirəm ki, həmin məsələyə yenidən baxılmalıdır. Digər tərəfdən isə onsuz da DYP dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf düzülüşünə görə müxtəlif qiymətlər təyin edib. Həmin qiymətlər vətəndaşların qoyduğu qiymətlərdən 2-3 dəfə aşağıdır. DYP-nin və vətəndaşların qoyduqları nömrələr hərflərin yerdəyişməsi, yaxud 10-la deyil, 90-la başlaması ilə fərqlənir. Hər halda bu kiçik fərqə görə bu dərəcədə baha qiymətlər doğru deyil”.

 Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin də sözügedən məsələyə münasibətini öyrəndik. K.Əliyev də vətəndaşların yalnız öz avtomobillərini satmaq hüququ olduğunu dedi:

 “Dövlət Yol Polisindən başqa heç kim dövlət qeydiyyat nişanlarını sata bilməz. Çünki nömrələr, adından da göründüyü kimi, dövlətə məxsusdur. Vətəndaşlara yalnız avtomobillərini satmağa icazə var. Onsuz da DYP tərəfindən nömrələrin hərf və rəqəmlərlə kombinasiyasına uyğun olaraq qiymətləri müəyyən edilib”.

 Qeyd edək ki, Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək nömrələrin) verilməsi üçün rüsumlar «Dövlət rüsumu haqqında» qanunda göstərilib.

 Bu qanuna görə, adi nömrələr - yəni, seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasında dəyişir. Lent.az






Fikirlər