"Mən bu maşınlarla şəhərə çıxanda yaşlı insanların üzü gülür, çünki..." - FOTOLAR

Retro avtomobillərdən danışacağıq. Həmin maşınlar ki, onların yaşı keçmiş illərə, hətta 2-ci dünya müharibəsinə qədər gedib çıxır. Retro avtomobillər insanlarda heyrət doğurur, keçmişimizi və tariximizi göz önündə canlandırır.Müasir dövrümüzdə nadir hallarda tapılan bu nəqliyyat vasitələrini paxtaxt sakini Adil Kərimov toplayıb. Onun qarajında nə az nə çox düz 30 retro avtomobil var.
Moderator.az-a açıqlama verən Adil Kərimov deyir ki, antik maşınlara həvəs uşaqlıqdan yaranıb.
 
"Uşaqlıqdan xoşum gələrdi, yadımdadır,  qədim maşınların madellərini yığardım. Heç vaxt  təzə maşın modeli  yığmazdım.Malakan bağının yanında  keçmiş ekran dükanı var idi, onun içində maşınlar satardılar, mən də uşaq idim, gəlib boylanıb baxırdım maşınlara, xoşum gəlirdi o maşınlardan. Daha sonra o maşınları 4 mərtəbənin kruqunda satışa qoyardılar. Həmişə böyük həvəslə o maşınlara baxardım. Sonra köhnə bir volsvagen maşını aldım, qızımın 18 yaşına o maşını sıfırdan yığdım. Volsvagen maşınında maqnitofon yeri var idi, oranı götürüb qaynaqla dəmir parçası vasitəsilə bağladım. Bu maşını yığandan sonra bir dostum da mənə qara mersedesi bağışladı. O da çürük içində idi, xaricdən dostlarla əlaqə saxlayıb, detallarını gətizdirdim, başladım bunu yığmağa.
Kolleksiyamda ən köhnə maşın,1937 ci ilə aid olan opel kadetdir. Artıq 40 ilə yaxındır ki, bu işlə məşğul oluram. Bu avtomobillərin çoxunu mənə Bakıda bağışlayıblar , amma xaricdən gətirdiklərim də var. Böyük vətən müharibəsi ilinə aid 1941-ci ilin vilisi var ki, Gürcüstandan gətirmişəm. Pobeda maşınım var ki, o maşından bir dənə istehsal ediblər, 1957-ci ildə yarışda iştirak edib, 2-ci yeri tutub və maşın yoxa çıxıb" deyə kolleksiyaçı bildirib.
 
"İstəsələr satarsız bu avtomobilləri?" sualına Adil Kərimov belə cavab verib.
"Əlbəttə, sata da bilərəm. Baxır hansını da? İndi elə zəmanədir ki, hər kəs bu maşınları sevmir, sadəcə olaraq görünüş baxımından yaxşıdır. Bunun özü böyük zövq verir insana. Mən bu maşınlarla şəhərə çıxanda yaşlı insanların üzü gülür, görünür, onların xatirələri canlanır göz önlərində. İndi belə maşınlar yoxdur. Hər il avqustun 26-da Avtomobil Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində klassik avtomobillərin sərgisi keçirilir və mən də avtomobillərimlə həmin sərgidə iştirak edirəm" deyə müsahib bildirib.






Fikirlər