"HƏRBİ HİSSƏ KAFE DEYİL Kİ, istədiyin vaxt gedib istədiyin yerdə oturasan"

Birinci Qarabağ müharibəsi dönəmində Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi xalq şairlərimiz xalqda vətənpərpərvərlik ruhunu yüksəltmək üçün şeirlər, kitablar hazırlayırdılar.

Və onların yazıb-yaratdıqları insanları Qarabağ uğrunda döyüşlərdə iştirak etməyə həvəsləndirirdi.  Həmin yazarlarımız, həmçinin tez-tez ön cəbhədə olurdular, səngərləri gəzirdilər, əsgərlərimizlə görüşürdülər. Onların məqsədi hərbçilərimizdə döyüş ruhunu yüksəltmək, qələbə əzmi aşılamaqdan ibarət idi. Bir sözlə səngərdə silahla yanaşı qələm də döyüşürdü. 

Bəs görəsən bu gün bizim ədəbiyyat adamlarımızın qələmi silaha xidmət edirmi? Ümumiyyətlə son hadisələrdən sonra hər hansı bir yazıçı və ya şairimiz ön cəbhədə əsgərlər görüşə gedibmi? 
Moderator.az məsələ ilə bağlı xalq şairi, AYB-nin birinci katibi Fikrət Qocanın, gənc yazar Qan Turalının fikirlərini öyrənib. 
Xalq şairi Fikrət Qoca bildirib ki, AYB-nin qarşıda belə bir planı var: “AYB-də hərbi vətənpərvərlik üzrə şöbə var. Həmin şöbəyə rəhmətlik şairimiz Zəlimxan yaqub rəhbərlik edirdi. İndi onun yerinə başqasını təyin etmişik. Onlar hazırda bu barədə hazırlıq işləri aparırlar, ön cəbhəyə gedəcəklər. Hərənin əlinə bir kitab götürüb ön cəbhəyə getməsiylə iş bitmir. Gərək hər şey düşünülmüş şəkildə olsun, düşünülmüş şəkildə gedələr, görüşlər keçirələr. AYB üzvləri ilə danışıqlar aparılacaq və hansıların getməsi mümkündürsə onlar da ön cəbhəyə görüşlərə gedəcəklər”. 
Qan Turalı isə belə bir təşəbbüs olacağı halda məmnuniyyətlə qoşulacağını deyib: “Ustadımız Seyran Səxavətin bir fikrini həmişə təkrarlayır və xatırladıram: “Qarabağ müharibəsi ədəbiyyatın yox, Müdafiə Nazirliyinin işidir”. O ki qaldı sualınıza, əsgərlərlə görüşmək əlbəttə ki, xoş olardı. Lakin bunun üçün gərək dəvətlər ola, görüşlər keçirilə. Hərbi hissə kafe deyil ki, istədiyin vaxt gedib istədiyin yerdə oturasan. Belə tədbirlər olsa məmnuniyyətlə iştrak edərdim”.

 






Fikirlər