İsmayıllı mərkəzi xəstəxanasında rüşvət qaydaları: “deyəydi ki, şəhid bacısıyam ondan pul almazdım”
İsmayıllı rayon mərkəzi xəstəxanasında baş verən özbaşnalıqlar barəsində çoxsaylı şikayətlərin ünvanı olaraq yenidən şikayət dolu müraciət almışıq
İsmayıllı şəhər sakini ikinci qrup əlil Vüqar Süleymanovun müraciətini cumhuriyyət. az olaraq dəyərli izləyicilərimizin diqqətinə təqdim edirik.
Mən İsmayıllı şəhər sakini Vüqar Süleymanov. Mənim şikayətim rayon mərkəzi xəstəxanası haqqındadır. Xəstəxanada rentgen müayinəsində baş verən özbaşnalıqları istərdim ki, saytınız vasitəsi ilə ictimailəşdirim. Burada çalışan xanım tibb bacısı, hər bir müayinə keçmiş adamdan 10 manat pul alır. Mən bu məsələ ilə bağlı baş həkim Aydın Əsədovun qəbulunda oldum. Baş həkim ilk olaraq mənim söylədiklərimi qəbul etmək istəmədi. Ancaq həmin tibb bacısını kabinetinə dəvət etdi və tibb bacısı etiraf etdi ki, mənim həyat yoldaşımdan 10 manat pul alıb. Mən baş düşə bilmirəm, bu dövlət xəstəxanasıdır yoxsa bazar?Tibb bacısı deyir ki, istəmişəm verib. Mən ona sual edirəm ki, axı sən ondan niyə pul istəməlisən?Kim sənə bu ixtiyarı verib?Ona dedim ki, sənin pul aldığın qadının qardaşı vətən yolunda şəhid olub və bizlər onun parçalarını dəfn etmişik. Utanmadan deyir ki, mənə deyəydi ki, şəhid bacısıyam ondan pul almazdım. Sözə bax, bunlar nə qədər həyasız məxluqlardır?Gərək şəhid ailəsi olasan ki, səndən pul istənilməsin?Deməli kimin ki, şəhidi yoxdur onun son tikəsi də əlindən alınmalıdır?
Mənim üç cür xəstəliyim var. İkinci qrup əliləm. On ayda mən dövlətin mənə ayırdığı dərmanları bircə dəfə ala bilmişəm. Mən səhiyyə nazirliyinə zəng edib şikayət etdikdən sonra, baş həkim mənə zəng edib deyir ki, sənə kömək etmək istəyirəm. Getmişəm ki, hələ ortalıqda heç bir dərman yoxdur. Sonradan bir neçə dəfə də zəng etdikdən sonra mənə dərmanların birini veriblər. Digər dərmandan heç bir xəbər yoxdur. Üç ay bundan qabaq mənim üçün yazılmış dərmanın resepti hələ də cibimdədir. Mən o dərmanı ala bilmirəm. Mən televiziya vasitəsi ilə baxıram ki, prezidentimiz hər il xəstələr üçün milyonlarla pul ayırır ki, onlar lazımı dərman pereparatları ilə təmin olunsunlar. Ancaq həmin dərmanlar bizlərə gəlib çatmır. Bütün dərmanlar satılaraq pulları baş həkimin nə bilim kimlərin ciblərinə axır. Mən dövlət qurumlarından xahiş edirəm ki, İsmayıllı xəstəxanasında baş verən özbaşnalıqlara son qoyulsun, burada əyri işlərlə məşğul olanlar cəzalandırılsınlar, yaxud yeni kadrlarla əvəz olunsunlar.
Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də fikirlərini dinləyib dərc etməyə hazırıq. Sonda şikayətçinin video müsahibəsini təqdim edirik.