5 günlük aprel döyüşlərindən sonrakı populist çıxışlara, bəyənatlara, Rusiyanın bəzi politoloqlarının Azərbaycana torpaqların Moskvanın əli ilə qaytarılacağını vəd edən açıqlamalarına rəğmən istər işğalçı Ermənistan xuntası, istərsə də Xankəndindəki separatçı rejim məğlub əhvali-ruhiyyədə görünmür.
Hər halda erməni xəbər agentlikləri və telekanallarının yaydığı informasiya və nümayiş etdirdikləri görüntülər bunu deməyə əsas verir.
Hər nə qədər iqtisadi çətinliklər yaşasalar da, ermənilər İrəvanda hərbi parad, Şuşada kulinariya, Hadrutda çaxır festivalı və s. keçirir, Şuşada yeni universitet açır, tələbə yataqxanası tikir, Laçında yeni qəsəbə salırlar. Üstəlik, rəsmi Bakını “İsgəndər” raketləriylə hədələyirlər. Və s. və i.a.
Moderator.az -ın erməni saytlarına istinadla verdiyi xəbərə görə, Xankəndindəki yaxın illərdə istifadəyə verilmiş “respublika tibb mərkəzi”nin yanında bizim rayon mərkəzlərimizdəki parklardan heç də geri qalmayan təzə park açılıb və “DQR” prezidenti B.Saakyan və digər “rəsmi” şəxslər açılış tədbirində iştirak ediblər. B.Saakyan parkın tikintisindəki dəstəyinə görə erməni xeyriyyəçisi Samvel Karapetyana minnətdarlığını bildirib.