Novruz süfrəsi neçəyə BAŞA GƏLƏCƏK...
4 nəfərlik ailənin minimal bayram süfrəsi 200-250 manat edəcək Azərbaycanda həm axır çərşənbədə, həm də Novruz axşamı bayram süfrəsi qurulur və bütün ailə o süfrə ətrafında toplaşıb bayramı qeyd edir. Buna görə də hər kəs mağazalara, bazarlara axışır və Novruz süfrəsinə lazım olacaq ərzaqları alır, bayram axşamına tədarük görür. Təbii ki, Novruz süfrəsinin bəzəyi şəkərbura və paxlava hesab olunur. Yeməklərdən isə yeməklərin şahı plov yer alır. Biz də sırf bayram süfrəsi üçün lazım olan ərzaqların qiymətini öyrənmək, Novruz süfrəsinin 4 nəfərlik bir ailə üçün təxmini neçəyə başa gələcəyini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Öncə şəkərbura və paxlava üçün lazım olan ərzaqlarla maraqlandıq. Şəkərbura və paxlava üçün lazım olan ərzaqlardan unun kiloqramı 1 manat 20 qəpik, kərə yağları növündən və keyfiyyətindən asılı olaraq 3 manat 96 qəpik və 16 manat arasında, şəkər tozu 1 manat 30 qəpiyə satılırdı. Ləpələrə gəlincə isə qovurulmuş araxis 6 manat 90 qəpik, qırmızı araxis 6 manat 50 qəpik, qovurulmuş fındıq 23 manat 90 qəpik, badam 25 manat 90 qəpik, antep fısdığı 28 manat 90 qəpik, qoz ləpəsi 12 manat 90 qəpik və 22 manat 90 qəpik arasında dəyişirdi. Qabıqlı fındıq 8 manat 49 qəpik, hind qozu 9 manat 60 qəpik, adi qoz 7 manat 65 qəpiyə satılırdı. Quru meyvələrdən kişmişin kiloqramı 7-12 manat arasında, ərik və gavalı qurusu 10 manat, alça qurusu 8 manat, qara kişmiş 11 manat, xurma 4 manat, iydə 6 manat, innab 6-8 manat, fıstıq 6 manat, ərik qurusu 13 manat 90 qəpiyə satılır.
Boyanmış yumurta Novruzun əsas atributu sayılır və xonçanı onsuz təsəvvür etmək mümkün deyil. Məhz buna görə də görünür ki, bir sıra işbazlar yumurtanın da qiymətini artırıb. Belə ki, 15 dənə yumurta 2 manat 25 qəpiyə satılırdı. Tək halda isə kənd yumurtası 30 qəpiyə, fabrik yumurtası isə 19 qəpiyə satılır. Toyuq 4-6 manat arası, balıq növündən asılı olaraq 4-30 manat arasında satılırdı. Soğan 25 qəpik, Hovsan soğanı 1 manat 92 qəpik, qırmızı soğan 1 manat 18 qəpik, kartof 93 qəpik, pomidor 4 manat 20 qəpik, xiyar isə 3 manata satılırdı.
Süfrəsini yeməklərin şahı sayılan plovla bəzəmək istəyənlər isə əllərini ciblərinin dərinliyinə salmalı olacaqlar. Çünki bu sizə xeyli baha başa gələcək. Düyülərin qiyməti 3 manat 54 qəpik, iki kiloluq düyülər 6 manat 95 qəpik, 5 kiloluq torbada olan düyülər isə 13 manat 90 qəpiyə, dana əti 11 manat 50 qəpiyə, qoyun əti isə 10 manat 50 qəpiyə, kişmiş 6 manat 70 qəpik - 14 manat 50 qəpik arası, qaysı 10-15 manat arası, şabalıd 18 manat, zəncəfil 1 manat 20 qəpik- 3 manat arası satılırdı. Salat üçün lazım olan ərzaqlara gəlincə isə yaşıl noxud 2 manat 26 qəpik və 3 manat arasında, kapron qabda olan mayonezlər 2 manat 55 qəpik-3 manat 64 qəpik arası, bankada olan mayonezlər 3 manat 86 qəpik 4 manat 80 qəpik arası, kiçik bağlamada olan mayonezlər isə 77 qəpik- 2 manat 90 qəpik arasında satılırdı. Novruz süfrəsini meyvəsiz təsəvvür etmək olmaz. Ancaq meyvələrin qiyməti kimisinin süfrəsində bu nemətin bol, kimisində isə az olacağını deməyə əsas verir. Yəni hər kəs cibinə görə hərəkət etməli olacaq. Çünki meyvələrin qiymətində 1 həftə öncəyə baxanda 50 qəpik-1 manat arası bahalaşma vardı. Belə ki, almanın kiloqramı 80 qəpik 2 manat arası, armud, heyva, banan 3 manat 50 qəpiyə, kök 1 manat 24 qəpiyə, portağal 2 manata 20 qəpiyə, nar 3 manata, naringi 3 manat, kivi 3 manata, ananas 6 manata, heyva 2, üzüm isə 12 manata satılırdı.
Yazın gəlişinin əsas atributu sayılan səmənilər isə formasına görə 1-5 manat arasında dəyişirdi. Alıcılar qiymətdən narazı idilər və əksəriyyət Novruz süfrəsində müəyyən ixtisarlar edəcəyini deyirdi. Satıcılardan isə qiymətlərin niyə bu qədər kəllə-çarxa çıxdığını soruşduqda isə onların verəcək bir cavabı yox idi.
İqtisadçı ekspert Natiq Cəfərli minimal bayram süfrəsinin 200-250 manata başa gələcəyini dedi: “Novruz süfrəsinin bolluğu və çeşidliliyi ailələrin maddi vəziyyəti ilə bağlıdır. Bayram süfrəsi təbii ki, ailədən ailəyə fərqlənir. Amma Azərbaycanda son zamanlar qiymətlərin kəskin şəkildə bahalaşdığını və nominal gəlirlərin deyil də real gəlirlərin azaldığını nəzərə alsaq, bunun büdcəmizə uyğun olmadığını görərik. Hökumət nominal gəlirlərin 7 faiz artdığını deyir. Amma inflyasiyanı nəzərə alsaq görərik ki, gəlirlər artmayıb. İnflyasiya 15 faiz civarındadırsa, deməli, real gəlirlər azalıb. Bütün bu faktorları nəzərə alsaq, təbii ki, indiki bayram süfrəsi bahalılığına, həm də insanların əl çatımlılığına görə ötən illərdən ciddi şəkildə fərqlənəcək. Təbii ki, gəlirlilik səviyyəsinə görə süfrələr qurulacaq. İndiki qiymətlərlə hesablasaq, 4 nəfərlik bir ailənin minimal bayram süfrəsi həm axır çərşənbəni, həm də Novruz bayramı axşamını nəzərə alsaq, 200-250 manata başa gələcək. Bu da indiki şəraitdə ölkədə bir milyon 300 min təqaüdçünün olduğu və onun 900 minə yaxınının minimum təqaüd aldığını, ölkədə işləyənlərin böyük əksəriyyətinin dövlət büdcəsindən maaş aldığını və ortalama maaşın büdcə təşkilatlarında kifayət qədər aşağıdır, bütün bunları nəzərə alsaq, insanlar bayram süfrəsini qurmaqda böyük çətinliklərlə qarşılaşacaqlar”.