Azərbaycanda malyariya xəstəliyinin 5 geniş miqyaslı epidemiyası BAŞ VERİB

Azərbaycanda keçən əsrdə malyariya xəstəliyinin 5 geniş miqyaslı epidemiyası baş verib.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva 25 aprel - Malyariya ilə Ümumdünya Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, malyariya çox ciddi və ağır epidemiyalardan biridir.

“1990-cı illərin əvvəllərində respublikada malyariyaya görə epidemioloji vəziyyət pisləşmişdi. Sonuncu epidemiya 1994-cü ildə baş verib. Ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, hərbi münaqişələr, bir milyondan çox qaçqın və məcburi köçkünlərin yaranması və onlar arasında xaotik miqrasiya, malyariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə tədbirlərin zəiflədilməsi, müvafiq vasitələrin, dərman preparatlarının, laborator avadanlıqların, dezinseksiya maddələrinin çatışmazlığı və müvafiq tədbirlərin vaxtında gorülməməsi malyariya epidemiyasının baş verməsinə səbəb olub.

1993-cü ildə respublika üzrə 23 hadisə, 1994- cü ildə 667 nəfərdə (29 dəfə cox) yerli yoluxma halları baş verib. 1995-ci ildə 2840 (124 dəfə çox), 1996-cı ildə isə ən yüksək pik vəziyyət yaranıb və 13135 hadisə (571 dəfə çox) qeydə alınıb. Beləliklə də xəstələnmə respublika ərazisinin 80%- ni əhatə edib".

 Mərkəzin rəsmisi qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən 1997-ci ildə Malyariya ilə mübarizə üzrə Milli Proqram hazırlanıb:

 “Həmin ildən başlayaraq xəstəlik əleyhinə aparılmış məqsədyönlü kompleks əksepidemik tədbirlərin nəticəsində xəstə-lənmə səviyyəsi ilbəil azalaraq 2010-cu ildən sonra sporadik halda qeyd olunmağa başlayıb və 2013- cü ildən etibarən bu günə kimi yerli yoluxma halları qeydə alınmayıb. Azərbaycan Daşkənddə 2005-ci ildə qəbul edilmiş “Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru” Bəyannaməsinə qoşulub və respublika ərazisində malyariyanın tam eliminasiyasına nail olunub.

 Aşqabadda isə 2016-cı ilin iyul ayında “Eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə yeni Bəyannamə qəbul olunub. Bununla da, ölkəmiz malyariyadan azad ölkə statusu qazanıb. 2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəs etəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiya işlənib hazırlanıb və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilərək icrasına başlanıb”.






Fikirlər