8-ci hamiləliyi olan ananın ölümü ilə bağlı BÜTÜN HƏQİQƏTLƏR AÇILDI - DƏHŞƏT
Dünən Respublika Perinatal Mərkəzində ana ölümü baş verib. Şamaxı rayon sakini, 1984-cüil təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuşdan sonra dünyasını dəyişib. Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova açıqlamasında bildirib ki, 34 yaşlı Bəkirova Kəmalə Şamaxı rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Respublika Perinatal Mərkəzinə müraciət edib: “Səbəb ana ilə bətnində inkişaf edən uşaq arasında qan rezuslarında konflik olmasıdır. Belə ki, ananın qanı mənfi rezus, uşağınkı isə müsbət olub. Buna görə ana bətnindəki uşaqda hemolitik xəstəlik inkişaf edib. Qadın iyulun 10-da mərkəzə daxil olub, bir gün ərzində bütün müayinələr aparılıb, diaqnoz təsdiqlənib. Bu xəstənin hamiləliyinin sonlandırılması qərarına gəlinib. Qanuna uyğun olaraq qadını doğuşa buraxmışıq. 3.7 kiloqramlıq uşaq dünyaya gəlib”. S.Məmmədovanın sözlərinə görə, doğuşdan sonra qadının uşaqlıq divarı nazik olduğu üçün yığılmayıb və bu qanaxmaya səbəb olub: “Qanaxmaya qarşı bütün tədbir görülüb. Lakin uşaqlıq divarını bir yerə toplamaq üçün əməliyyata götürülüb. Əməliyyat zamanı qadının ürəyi dayanıb. Ürəyin fəaliyyəti bərpa edilib, əməliyyat tamamlanıb. Lakin əməliyyatdan bir gün sonra qadın iyulun 12-də 09:25-də ürək dayanmasından dünyasını dəyişib”. S.Məmmədova bildirib ki, bu qadının 8-ci hamiləliyidir: “Qadın 5 dəfə uşaq dünyaya gətirib. Bu doğuşdan iki qızı sağ qalıb, dünyaya gətirdiyi 3 oğlan ölüb. 3 uşağın hamısında ana ilə uşaq arasında qan rezuslarında uyğunsuzluq olub, ona görə də ölüblər. Ana 3 dəfə iri, yəni 4-5 aylıqda abort etdirib. Buna səbəb isə qadının oğlan uşaq dünyaya gətirmək istəyi olub. Axırıncı abortundan sonra həkimlər qadına hamilə qalmaq qadağası qoyublar. Səbəb uşaqlığın divarındakı nazilmədir. Həkimlərin sözlərinə baxmayaraq qadın hamilə qalıb və oğlan uşağı olduğuna görə onu dünyaya gətirmək istəyib. Hamiləliyi 36 həftəyə qədər çatdırıb”. S.Məmmədova qadın əməliyyata girərkən onun ürəyində problem olmadığını, lakin nə üçün ürək dayanması baş verdiyinin araşdırıldığını dedi: “Bütün məlumatlar və meyit təşrih üçün məhkəmə ekspertizasına verilib. Xəstə ürək-damar çatışmazlığından vəfat edib, təşrih nəticələnəndən sonra qadının ürəyində əvvəldən hansı problem olub-olmadığı bəlli olacaq. Sənədlər bizə təqdim ediləndən sonra Doğuşayardım Komissiyasında baxılacaq, rəy veriləcək. Lazımı şəxslər də cəzalandırılacaq. Araşdırma müddətində doğuşda və əməliyyatda iştirak edən tibb işçiləri doğum işindən kənarlaşdırılıblar. Bundan başqa, qadını 12 həftəlikdən sonra əməliyyat edən həkimlərlə bağlı da araşdırma aparılacaq. Hər halda bu məlumatlar kənddəki hər kəsə, ailə üzvlərinə və kənd həkimlərinə bəllidir”. S.Məmmədova uşaqda əvvəldən məlum olduğu kimi hemolitik sarılıq olduğunu deyib: “Ana ilə qan uyğunsuzluğuna görə uşağın qırmırı qan hüceyrələri partlayıb. Ona qan köçürülüb. Vəziyyəti stabildir, lazımı müalicəvi tədbirlər aparılır. Ümumiyyətlə, ana ilə uşaq arasında rezus uyğunsuzluğu hər zaman bu cür nəticələnmir. Qadın vaxtında məsləhətxanaya müraciət etsə, o müayinə edilib, ehtiyac olduğu halda Ruqan dərmanı verilir, xüsusi zərdab vurulur, uşaqlığı, səhhəti imkan verirsə, onun hamiləliyi davam etdirməsinə razılıq verirlər. Lakin qadınlarımız çox zaman hamiləliyi həkimlərdən gizlədir”.