Azyaşlılara qarşı seksual zorakılıq törədənlər güllələnsinmi? - VİDEOSORĞU

Son vaxtlar Azərbaycanda azyaşlılara qarşı seksual zorakılıq halları artmaqdadır.

Təbii ki, bu da ictimaiyyətdə böyük narahatlıq, qəzəb doğurur. Bu günlərdə Naxçıvanda 4 yaşlı uşağın zorlanması, Bakıda 8 yaşlı uşağın qonşusu tərəfindən seksual hərəkətlərə məruz qalması, Beyləqanda məktəbli qızın 3 il boyunca sinif yoldaşları tərəfindən zorlanması və bu kimi xəbərlər cəmiyyətdə geniş müzakirələrə yol açıb. Bir çoxları bu cür vəhşiliyə əl atan şəxslərin cəmiyyətdən təcrid olunmasını, digərləri onlara qarşı qanunun daha da sərtləşdirilməsini, hətta edam tətbiq olunmasını istəyir.

Bir çox inkişaf etmiş ölkələrdə uşaqlara cinsi zorakılıq göstərən şəxslərə qarşı sərt qanunlar tətbiq olunur. Məsələn, Avstraliyada bu cür şəxslərin pasportları üzərində prosedur aparılmır.

ABŞ-da isə pedofillərə qarşı iki üsuldan istifadə olunur ki, onlardan biri də dərman üsuludur. Belə ki, uşaq zorlamaqda ittiham olunan şəxslərə qarşı ya 20 il həbs cəzası, ya da xədim variantı tətbiq olunur. Çexiyada isə cərrahi kastrasiya tətbiq olunur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsində isə belə yazılıb:

“Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Maraqlıdır, bəs Bakı sakinləri pedofillərə qarşı hansı cəzanın tətbiq olunmasını istəyir?

“Yeni Müsavat”ın əməkdaşları mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Cavablar müxtəlif və maraqlı olub. Həmin videosorğunu təqdim edirik.

 






Fikirlər