İşdən çıxarılacaq, səbirli olun... - Millət VƏKİLİ
Mən də İmişli-Beyləqandan seçilmiş millət vəkili kimi prosesi nəzarətdə saxlayıram. Bu sözləri Axar.az-a açıqlamasında yetkinlik yaşına çatmayan Beyləqan rayon sakininə qarşı həmkəndliləri tərəfindən törədilən zorakılığın məktəbdə, sinif otağında baş verməsi və 20 yaşlı gənclərin məktəbə necə daxil ola bilməsi barədə danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. Millət vəkili bildirib ki, lazım gələrsə, məsələ ilə bağlı direktor, müəllim və nəzarətçilər də dindiriləcək, hələlik bu barədə heç bir məlumat yoxdursa, ola bilsin, bu, istintaqın sirridir: “Hüquq mühafizə orqanları hadisənin hansı şəraitdə və necə baş verdiyini araşdırmalıdır. Mən də İmişli-Beyləqandan seçilmiş millət vəkili kimi prosesi nəzarətdə saxlayıram”. Millət vəkili hadisəni törədənlərin məktəbə asanlıqla daxil olmasına da münasibət bildirib: “Görünür, məktəbin mühafizəsi zəif olub, yaxud da heç olmayıb. Bu kimi məsələlər də araşdırılacaq. Hadisəyə lazımı qiymət veriləcək, lazım gələrsə, kimlərsə inzibati məsuliyyət daşıyacaq, işdən çıxarılacaq, səbirli olmaq lazımdır. Məsələ ilə bağlı istintaq hazırda normal gedir”. Qeyd edək ki, Beyləqanda yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya (ad, soyad şərtidir) qarşı həmkəndliləri - 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə martın 9-da Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. Beyləqan rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K.Hümbətov və T.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təhsil Nazirliyi hadisənin məktəbdə, sinif otağında baş verdiyinin hələ rəsmi təsdiqlənmədiyini açıqlayıb. Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova isə olayın məktəbdə baş verdiyini təsdiqləyib, həmçinin qızın utandığından dərsə gəlmədiyini, oğlanların isə onun qadağası əsasında dərsə buraxılmadığını açıqlayıb. Maraqlıdır ki, 1996 və 1997-ci il təvəllüdlü və orta məktəbi çoxdan qurtarmış olası gənclərin orta məktəbin neçənci sinfində “oxuduğu” və hansı sinfə buraxılmadığına aydınlıq gətirilməyib. AzerTaym.az