Dəniz və çay balıqları kəskin BAHALAŞDI - (REPORTAJ, FOTOLAR)
Çaylarda, kanallarda, dənizdə balıq yoxa çıxıb; qiymətlər mal ətini ötdü, səbəb qıtlıqdır... Havaların soyuması ilə əhalinin balıq məhsullarına tələbatı da artıb. Digər tərəfdən mal ətinin, eləcə də quş ətinin bahalaşması insanların alternativ olaraq balığa meyl etməsi ilə nəticələnib. Çünki bu məhsul sağlamlıq üçün də əsl dərman statusundadır. Tərkibindəki qoruyucu yağ turşusu ilə ürək xəstələri üçün əhəmiyyətli bir qida olan balıq, qırmızı və ağ ətdən daha sağlamdır. Bol miqdarda B, A və D vitamini ehtiva edən balıq məhsulları hər yaşda insan üçün faydalıdır. Həmçinin uşaqlar və inkişaf dövrünə qədəm qoyan gənclər üçün əsas qida maddələrindən biridir. Balıq xolesterol saxlamayan bir ət olduğu üçün qırmızı və ağ ətdən daha sağlam qida hesab olunur. Ürək xəstəliyinin bir nömrəli dərmanı olduğundan balığı mütəmadi olaraq, yəni həftədə ən azı 3 dəfə yemək mütləqdir. Bəs görəsən, bazarda keyfiyyətli balığı necə seçmək olar? Bazara ayaq açan vətəgə balıqları ilə çay və dəniz balıqlarının necə fərqləndirmək mümkündür? Bu iki növ arasında qiymət fərqi özünü göstərirmi? Qiymətlər orta səviyyəli istehlakçı üçün nə dərəcədə münasibdir? “Yeni Müsavat”ın müxbiri bu suallara cavab tapmaq üçün “8-ci kilometr” bazarında yerləşən balıq bazarına baş çəkib. Sıra ilə düzülmüş piştaxtaların üzərində hər növ balığa, hətta xərçəngə rast gəlmək mümkündür. Bununla yanaşı piştaxtaların altında düzülmüş iri ləyənlərdə canlı balıqlar da saxlanılır ki, təzə balıq almaq istəyən satıcılara təqdim olunur. Bazara canlı gətirilən balıqlar əsasən “damba” balıqları- yəni süni göllərdə yetişdirilən balıqlar olur. Ən çox tələbat olan balıqlar isə sazan, sudak, kütüm, kefal, farel və belamurdur. Bunlar da öz növbəsində iki yerə bölünür: Dənizdən və çaydan tutularaq gətirilən balıqlar, bir də vətəgələrdə böyüdülən bağlıqlar... Təbii ki, birincilərin qiyməti daha yüksəkdir və son vaxtlar xeyli qalxıb. Vətəgədə yetişdirilən sazanın kiloqramı 5-6 manat, çaydan və dənizdən tutulan sazanın kiloqramı isə 15 manatdır. O cümlədən çay balıqları olan farel və sudakın (sıf) kiloqramı 13 manata təklif olunur. Bu isə o deməkdir ki, sağlam balıq əti yemək istəyən insan 1 kiloqram balıq ətinə malı ətinin qiymətindən də çox xərc çəkməlidir. Əvvəllər vətəgə balıqları ilə çay balıqları arasında qiymət fərqi 2-3 manat idisə, indi fərq iki dəfədən çoxdur. Əsasən vətəgə balıqları olan belamorun 1 kiloqramı 6-7 manata, “damba”larda yetişdirilən xanı balığının kiloqramı isə 5-6 manatadır. Durna balığının qiyməti isə hər kiloqramına görə, 4-5 manat arasında dəyişir. Bir sözlə, qiyməti 5-7 manat arasında olan balıqların demək olar ki, hamısı süni göllərdə yetişdirilir. Satıcılar da etiraf edir ki, təbii şəraitdə böyüyən çay və dəniz balıqları əsl vitamin mənbəyidir və vətəgə balıqlarından daha faydalıdır. Bu balıqları balıqçılar tutur və gətirib satıcılara təhvil verirlər. Hər satıcının özünün daimi işlədiyi balıqçılar var. Satıcıların sözlərinə görə, hazırda çaylarda, dənizdə balıq yoxa çıxıb, qıtlıq yaşanır. Balıqçılar deyir ki, çay və kanallarda brakonyerlər tor qurur, elektrik cərəyanı ilə balıqların kökünü illərdir kəsirlər. Eynilə də dənizdə tor əlindən tərpənmək mümkün deyil. Nəticədə balıqlar yoxa çıxıb və qiymətlər artıb. Vətəgə balıqları isə əksinə boldur, bu baxımdan onların qiyməti daha sərfəlidir. Buna baxmayaraq, əhali təbii şəraitdə böyüyən balıqlara üstünlük verir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, balıq bazarlarında istehlakçıların aldadılması halları da baş verə bilər: “Bakı dəniz sahilində olan bir şəhərdir, əslində burada gərək böyük balıq bazarları olsun, bolluq olsun. Mən bir çox ölkələrdə, o cümlədən Fransanın Marsel şəhərində dəniz kənarında, İstanbulda, Portuqaliyanın şəhərlərində, Cənubi Afrikada və digər yerlədə dəniz kənarında yerləşən şəhərlərdə balıq bazarları görmüşəm. Belə balıq bazarları səhər saat 7-dən başlayır və saat 12-ə kimi yekunlaşır və bir də sabah başlayır, təzə balıqlar gətirilir. Təəssüf ki, Xəzər dənizinin sahilində yerləşən Bakıda belə bir balıq bazarı yoxdur. Balıq harada gəldi, necə gəldi satılır, həyətlərə gətirilir”. E.Hüseynov vurğuladı ki, bu cür pərakəndə şəkildə satılan balıqlar arasında sağlamlıq üçün təhlükəli olan balıqlar da çoxdur: “Buraya ”damba" balıqları da daxildir. Bu ilin əvvəlində bizə material daxil oldu ki, süni göllərdə yetişdirilən balıqlara kanalizasiya qalıqları verirlər. Biz bunu ictimailəşdirməyə cəhd göstərsək də, dövlət orqanları guya yoxlama apararaq bizə cavab verdilər ki, belə bir hal yoxdur. Ancaq əhali arasında bu fikir var. “Damba” balıqları baytarların əli çatan balıqlardır. Mən həmişə istehlakçılara tövsiyə edirəm ki, o məhsulları yeyin ki, ona baytarların əli çatmasın. “Damba” balıqlarına antibiotiklər, müxtəlif dərmanlar verilir. Heç kim nəzarət etmir ki, həmin antibiotiklərin qalıqları balığın ətində qalıb, ya yox. Yoxlanmadan satışa çıxarırlar. Əhalinin təxminən 30 faizi ümumiyyətlə, belə məsələlərə əhəmiyyət vermir. Qalan hissəsi isə dəniz balıqları ilə “damba” balıqlarını ayırmağa çalışır. Əhali bilməlidir ki, bir neçə balıq növü “damba”da yetişdirilə bilmir. Məsələn, kütüm, sudak, çapaq. Qalanları demək olar ki, hamısı “damba”larda yetişdirilir". “Yeni Müsavat”