“Grand Hospital” BOYKOT edilir: PASİYENT QITLIĞI

Son 15 gündə 2 pasiyentin ölümü ilə gündəmə gələn “Grand Hospital” həmişəki kimi fəaliyyətini davam etdirir. Amma son olaylar klinikaya müraciət edənlərin sayına ciddi təsir edib.

Axar.az-ın əməkdaşı 15 gün ərzində iki qalmaqallı ölümlə mətbuatın gündəmindən düşməyən “Grand Hospital”a baş çəkib. 12 mərtəbədən ibarət olan böyük və əzəmətli binaya malik klinika müasir tibbi avadanlıqlarla təmin edilib. Klinikanın göz oxşayan tibb personalı, mühafizə xidməti, səliqəli, təmiz və komfort şəraitə malik palataları var.

Klinikada müayinəyə gələn pasiyentlərin bildirdiyinə görə, klinikada şərait əla olsa da, qəbul zamanı tələb edilən məbləğ yüksək, tibbi xidmətin səviyyəsi isə aşağıdır.

Klinikada ilk görünüşdən diqqət çəkən də pasiyent qıtlığıdır. Bildirilir ki, bu vaxta qədər klinikaya müraciət edənlərin sıxlığı yaşanırdı. Müşahidələrimiz də onu göstərir ki, artıq xəstələr “Grand Hospital”a müraciət etməyə ehtiyat edirlər.

Hazırda klinikanın dəhlizləri boşdur. Tək-tük müraciət edən və əvvəldən qəbula yazılan pasiyentlər gözə dəyir.

Klinikadan öyrəndik ki, 19 dekabr tarixində sözügedən klinikada ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ölümünə səbəb olan həkimin fəaliyyəti istintaq müddətində qadağan edilib.

Xatırladaq ki, dünən baş verən hadisə “Grand Hospital”da son 15 gündə 2-ci ölüm hadisəsidir. Ürəyindən əməliyyat edildikdən sonra ölən N.Qasımovdan 14 gün öncə də klinikada əməliyyat olunan 20 yaşlı gənc dünyasını dəyişmişdi. Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva “Grand Hospital” klinikasının həkimi invaziv radioloq İlqar Hüseynovun səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüş, beş gün sonra isə ölmüşdü.






Fikirlər